Niğdədə hidrogen və yanacaq elementi istehsal edən mərkəz iki mükafata layiq görülüb

2026/06/1782223053.jpg
Oxunub: 252     17:52     23 İyun 2026    
Niğdə Ömər Halisdəmir Universitetinin nəzdində fəaliyyət göstərən professor Turhan Nejat Veziroğlu Təmiz Enerji Tətbiqi və Araşdırma Mərkəzi hidrogen enerjisi sahəsindəki fəaliyyətinə görə iki mükafat qazanıb.

Ordu.az xəbər verir ki, mükafatlar Hidrogen Texnologiyaları Dərnəyi tərəfindən keçirilən 10-cu Beynəlxalq Hidrogen Texnologiyaları Konqresi - IHTEC 2026 çərçivəsində təqdim olunub.

Mərkəz “Texnologiya mükafatı”na layiq görülüb. Eyni mərasimdə mərkəzin direktoru və Mühəndislik fakültəsinin Maşın mühəndisliyi kafedrasının rəhbəri professor Bora Timurkutluk “Xidmət mükafatı” ilə təltif edilib.

Universitetin rektoru professor Hasan Uslu bildirib ki, ali təhsil müəssisəsinin əsas prioritet istiqamətlərindən biri enerji və enerji səmərəliliyidir. Onun sözlərinə görə, mərkəzdə çoxsaylı elmi tədqiqatlar və araşdırma-inkişaf layihələri həyata keçirilir.

Uslu qeyd edib ki, universitet Türkiyədə hidrogen və yanacaq elementi texnologiyaları sahəsində ixtisaslaşmış yeganə dövlət universitetidir.

O, həmçinin universitetin Enerji və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi enerji səmərəliliyi müsabiqəsində Türkiyə birincisi olduğunu, 2025-ci ildə isə Dubayda keçirilən beynəlxalq enerji səmərəliliyi müsabiqəsində qalib gəldiyini xatırladıb.

Professor Bora Timurkutluk isə mərkəzin 2014-cü ildə yaradıldığını və hidrogen texnologiyaları üzrə tədqiqatların təxminən 20 ildir davam etdiyini bildirib.

Onun sözlərinə görə, mərkəzdə hidrogenin istehsalı, saxlanması və yanacaq elementləri vasitəsilə enerjiyə çevrilməsi istiqamətində araşdırmalar aparılır.

Timurkutluk vurğulayıb ki, bu fəaliyyətlər nəticəsində Türkiyənin aparıcı müdafiə sənayesi müəssisələri üçün kommersiyalaşdırılmış məhsullar hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niğdə   Türkiyə   Hidrogen  


Bizi "telegram"da izləyin