ABŞ Hərbi Hava Qüvvələri bu yaxınlarda elan edib ki, “Collaborative Combat Aircraft” (CCA) proqramı çərçivəsində müqavilə uğrunda yarışan hər iki şirkətin platforması istehsal mərhələsinə keçəcək. İki il əvvəl “Anduril Industries” və “General Atomics Aeronautical Systems” (GA-ASI) prototiplərin hazırlanması üçün seçilmişdi. Hər iki şirkətin Pilotsuz Uçuş Aparatları (PUA) “Boeing”, “Lockheed Martin” və “Northrop Grumman” tərəfindən təqdim edilən rəqib layihələri geridə qoymuşdu.
2025-ci ilin mart ayında “Anduril” şirkətinin “Fury” platforması YFQ-44 təyinatını aldı, GA-ASI-nin “Gambit” seriyasına daxil olan XQ-67A platforması isə YFQ-42 “Dark Merlin” adlandırıldı. Hər iki platforma ötən il yerüstü və ilkin uçuş sınaqlarından keçib və indi CCA proqramının birinci mərhələsi çərçivəsində ilkin istehsal mərhələsinə keçəcək.
İstehsala başlanılması ilə əlaqədar olaraq prototip təyyarələri ifadə edən “Y” işarəsi hər iki aparatın adından çıxarılacaq və onlar bundan sonra FQ-42 və FQ-44 kimi tanınacaqlar. ABŞ Hərbi Hava Qüvvələri daha əvvəl 1000-dən çox döyüş qabiliyyətli CCA PUA-sının xidmətə qəbul edilə biləcəyini açıqlasa da, FQ-42 və ya YFQ-44 sistemlərindən hər birinin neçə ədəd istehsal olunacağını hələ təsdiqləməyib.
Müqavilələrin planlaşdırılan vaxtdan dörd ay əvvəl verilməsi hər iki prototipin ABŞ Hərbi Hava Qüvvələrinin sərt əməliyyat tələblərinə cavab verdiyini göstərir. “Hərbi Hava Qüvvələrinin media açıqlamasında bildirildiyi kimi, rəqabətli seçim mərhələsindən tammiqyaslı istehsala sürətlə keçməklə biz yarımavtonom sistemləri yüksək etibarlılıq və döyüş hazırlığı səviyyəsində xidmətə qəbul etmək imkanına malik oluruq və bununla da gələcək çağırışları qabaqlayırıq”, - deyə Hərbi Hava Qüvvələrinin katibi Troy Meynk bildirib.
O əlavə edib: “Bu müqavilələr onilliyin sonuna qədər 150-dən çox döyüş qabiliyyətli CCA platformasının alınmasını nəzərdə tutan proqramın strateji istiqamətinə inamımızı bir daha təsdiqləyir”.
Hər iki şirkət müqavilələrin verildiyini təsdiqləyib və öz platformalarının imkanlarını ön plana çıxarıb. “Müqaviləyə əsasən, “Anduril” sınaqların, təsdiqləmə proseslərinin və nəticə etibarilə əməliyyat xidmətinə qəbulun davam etdirilməsi üçün ilkin partiya FQ-44 yarımavtonom döyüş təyyarələrini təhvil verəcək”, - deyə şirkət müqavilə əldə edildikdən sonra yaydığı açıqlamada bildirib.
Açıqlamada qeyd olunub: “Müqavilə eyni zamanda Hərbi Hava Qüvvələrinə növbəti illər ərzində əlavə FQ-44 istehsal partiyaları sifariş etmək imkanı verən mexanizm yaradır və bununla da qırıcı aviasiya potensialının sürətli və münasib xərc ilə genişləndirilməsi üçün aydın yol açır”.
Aerokosmik startap həmçinin vurğulayıb ki, bu hadisə “1970-ci illərdən etibarən yeni bir şirkətin ilk dəfə qırıcı təyyarə proqramını qazanmasıdır”. Şirkət “Fury” PUA-sının sadə ideyadan tammiqyaslı istehsala qədər keçdiyi qeyri-adi inkişaf yoluna da diqqət çəkib. Sürətli inkişaf dövrü ilə bağlı oxşar fikirləri “General Atomics” də bölüşüb.
“FQ-42A-nın istehsal mərhələsinə keçməsi “General Atomics” ilə ABŞ Hərbi Hava Qüvvələri arasında uzun illər davam edən investisiyaların və müstəsna əməkdaşlığın nəticəsidir”, - deyə GA-ASI prezidenti Devid R. Aleksander bildirib.
O əlavə edib: “Biz bu sifarişə çoxdan hazırlaşırdıq və istehsal prosesi artıq fəal şəkildə davam edir”.
Hərbi Hava Qüvvələri yeni proqram təminatı da əldə edir, lakin fərqli yanaşma ilə
İstehsal müqavilələri bu həftə Hərbi Hava Qüvvələri Departamenti tərəfindən CCA proqramını dəstəkləmək məqsədilə verilən bir neçə müqavilədən yalnız ikisi olub. Birinci mərhələnin uçuş platformaları ilə yanaşı, departament missiya avtonomluğu proqram təminatının hazırlanmasını da dəstəkləyir. Bu təşəbbüs “ayrıca satılan proqram təminatı” kimi xarakterizə edilir və yeni funksiyalar və imkanlar yarandıqca asanlıqla yenilənə bilir.
Bu yanaşma platformaların qapalı və yalnız bir şirkətə məxsus proqram təminatı ilə idarə edilməsinin qarşısını almaq məqsədi daşıyır və Hərbi Hava Qüvvələri Departamentinin fikrincə, ənənəvi satınalma modelindən uzaqlaşmanı ifadə edir.
CCA proqramı həmçinin yarımavtonom uçuş texnologiyalarının onilliklər ərzində əldə edilmiş təcrübəsinə əsaslanacaq. Bu çərçivədə PUA-lar “sadiq qanad yoldaşı” rolunu oynayaraq güc multiplikatoru funksiyasını yerinə yetirəcək, vəziyyət məlumatlılığını artıracaq, döyüş radiusunu genişləndirəcək və hətta pilotlu təyyarələrin sağqalma imkanlarını yüksəldəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Kennet Vilsbax bildirib ki, “Collaborative Combat Aircraft” proqramı yüksək təhlükə şəraitində güc tətbiq etmə və kütləvi döyüş potensialı formalaşdırma üsullarımızı dəyişdirir: “Bu imkanın döyüşçülərimizə daha sürətli çatdırılması qüvvələrimizin çəkindirmə üçün tələb olunan taktiki üstünlüyü qoruyub saxlamasını və lazım gəldikdə istənilən rəqibi məğlub etməsini təmin edir”.
ABŞ Hərbi Hava Qüvvələri missiya avtonomluğu proqram təminatının hazırlanması üçün altı şirkətə müqavilə verib. Bu şirkətlər CCA proqramını dəstəkləyəcək proqram təminatını hazırlayacaqlar.
Həmin şirkətlər bunlardır: “Anduril”, “General Atomics”, “Lockheed Martin”, “Northrop Grumman”, RTX “Raytheon” Collins Aerospace və “Shield AI”. Bundan əlavə, “Anduril”, “RTX Collins Aerospace” və “Shield AI” şirkətləri kritik əhəmiyyət daşıyan missiya avtonomluğu proqram təminatının daha sürətli çatdırılması üçün istehsal seçim müqavilələri də əldə ediblər.
Rəqabət əsasında verilən bu müqavilələr proqram təminatının daha qısa müddətdə istifadəyə verilməsini təmin etməyə yönəlib. Altı aydan sonra Hərbi Hava Qüvvələri Departamenti hər bir təchizatçının fəaliyyətini qiymətləndirəcək və bundan sonra ikinci rəqabətli seçim mərhələsi keçiriləcək.
“Missiya avtonomluğu CCA konsepsiyasının təməl daşıdır və çoxsaylı şirkətlərin iştirak etdiyi rəqabətli mühitdən istifadə etməklə ən yeni texnologiyaları əldə edə bilirik”, - deyə Troy Meynk bildirib.
O əlavə edib: “Bu yanaşma bu gün hərbi pilotlarımızın ən müasir imkanlarla təmin edilməsinə zəmanət verir, eyni zamanda hava üstünlüyünü qorumaq üçün gələcək texnoloji sıçrayışlara da yol açır”.
CCA proqramı mövcud beşinci nəsil və gələcək altıncı nəsil pilotlu qırıcıları, eləcə də digər hava platformalarını dəstəkləmək məqsədilə hazırlanır. Bunlara “Northrop Grumman” şirkətinin istehsalı olan ABŞ Hərbi Hava Qüvvələrinin B-21 “Raider” bombardmançısı da daxildir.
Bu konsepsiya çərçivəsində avtonom PUA-lar bombardmançı ilə birlikdə uçaraq sensorların əhatə dairəsini genişləndirə və müdafiə müşayiətçisi funksiyasını yerinə yetirə biləcəklər.
Sevinc Əliyeva
Ordu.az