İsrailin sabiq baş naziri İrana gizli “Starlink” cihazlarının göndərildiyini etiraf edib

2026/06/Ekran-1782223239.jpg
Oxunub: 217     17:57     23 İyun 2026    
İsrailin keçmiş baş naziri Naftali Bennett İsrailin hökumət əleyhinə etirazçılara yardım məqsədilə İrana gizli şəkildə “Starlink” internet terminalları göndərdiyini etiraf edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bennett Qüdsdə keçirilən JNS Beynəlxalq Siyasət Sammitində çıxışı zamanı bildirib ki, 2021-2022-ci illərdə baş nazir olduğu dövrdə İrana on minlərlə “Starlink” qəbuledicisinin çatdırılması proqramını şəxsən başladıb.

Onun sözlərinə görə, məqsəd etirazçıların internetə çıxışını təmin etmək, onların əlaqələndirilməsini asanlaşdırmaq və nəticədə İran hökumətinə qarşı fəaliyyətlərini gücləndirmək olub.

“İnternetin və sosial şəbəkələrin fasiləsiz işləməsini təmin edəcək on minlərlə “Starlink” cihazının əldə edilməsi və İrana gizli şəkildə çatdırılması prosesini mən başladım”, - deyə Bennett bildirib.

“SpaceX” şirkətinə məxsus olan “Starlink” peyk internet sistemi dünyanın müxtəlif bölgələrində internet xidməti göstərir. İran hakimiyyəti daha əvvəl İsrail və ABŞ-ni bu cihazları ölkəyə qanunsuz şəkildə gətirməkdə ittiham etmişdi.

Bennett hazırkı Baş nazir Benyamin Netanyahu hökumətini tənqid edərək bildirib ki, bu proqram sonradan dayandırılıb.

“Etirazlar başlayanda həmin infrastruktur artıq mövcud deyildi. Təəssüf ki, indiki hökumət bu işi davam etdirmədi”, - deyə o vurğulayıb.

“Reuters” qeyd edir ki, İran hakimiyyəti ölkədə etiraz aksiyalarının və gərginliyin artdığı dövrlərdə internetə çıxışı tez-tez məhdudlaşdırıb. Bu səbəbdən bəzi iranlılar rabitəni qorumaq üçün “Starlink” xidmətindən istifadə etməyə çalışıblar.

Hazırda oktyabr ayında keçiriləcək seçkilərdə Netanyahuya rəqib olan sağçı siyasi qüvvənin lideri kimi çıxış edən Bennett İsrail və digər Yaxın Şərq ölkələrinin İran hakimiyyətinə qarşı birgə fəaliyyət göstərməli olduğunu da bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Starlink   İran  


Bizi "telegram"da izləyin