“Eurofighter Typhoon” istifadəçiləri APKWS sisteminə maraq göstərirlər

2026/06/1782210676.jpg
Oxunub: 233     14:35     23 İyun 2026    
Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcılarında APKWS idarəolunan raketlərinin istifadəyə verilməsindən sonra sistemə maraq sürətlə artır.

Ordu.az xəbər verir ki, bu barədə BAE Systems şirkətinin Hava Əməliyyatları üzrə baş direktoru Riçard Hamilton açıqlama verib.

Onun sözlərinə görə, “Eurofighter Typhoon” istifadə edən bütün ölkələr APKWS imkanlarını yaxından izləyir və sistemə ciddi tələbat formalaşıb.

Hamilton bildirib ki, hazırda Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Avstriya, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı bu qırıcılardan istifadə edir. Türkiyə isə 20 təyyarəlik sifariş çərçivəsində ilk təhviləri 2030-cu ildən etibarən almağa hazırlaşır.

Məlumata görə, APKWS sisteminin “Eurofighter Typhoon”a inteqrasiyası Böyük Britaniya Müdafiə Nazirliyi, “BAE Systems” və “QinetiQ” tərəfindən həyata keçirilib və 2026-cı ildə tamamlanıb.

Aprel ayında keçirilən sınaq atışlarından sonra sistem iki aydan az müddətdə əməliyyat istifadəsinə verilib. Kral Hərbi Hava Qüvvələrinin 9-cu eskadrilyası artıq Kiprdəki Akrotiri bazasından APKWS ilə təchiz olunmuş “Eurofighter Typhoon”larla tapşırıqlar yerinə yetirir.

RAF bildirir ki, sistem hava hücumundan müdafiə tapşırıqlarında xərc səmərəliliyini artırır və Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərinə qarşı yeni nişanalma imkanı yaradır.

APKWS standart 70 mm-lik Hydra raketlərini lazerlə idarə olunan dəqiq sursata çevirən dəstdən ibarətdir. Təxminən 20-30 min dollar dəyərində nişanalma xərcinə malik olan sistem aşağı xərc tələb edən hava təhdidlərinə qarşı iqtisadi həll təqdim edir.

Mütəxəssislərin fikrincə, son illərdə İran və Ukrayna müharibələrində müşahidə olunan intensiv PUA təhlükəsi bu tip sistemlərə olan tələbatı daha da artırıb.

“Eurofighter Typhoon” müxtəlif tapşırıqlar üçün IRIS-T, ASRAAM, METEOR, AIM-120 AMRAAM, “Brimstone”, “Storm Shadow”, “Paveway IV”, JDAM, “Marte ER” və bəzi konfiqurasiyalarda “Harpoon” raketləri ilə silahlandırıla bilir. Təyyarədə həmçinin BK-27 top sistemi də mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter-Typhoon   APKWS  


Bizi "telegram"da izləyin