Ordu.az xəbər verir ki, o, bu barədə “Financial Times” nəşrinə müsahibəsində danışıb.
Edi Rama etirazçıların səsləndirdiyi ittihamlara münasibət bildirərək korrupsiyada günahsız olduğunu sübut etməyə ehtiyac görmədiyini bildirib. Onun sözlərinə görə, layihə qanuni çərçivədə həyata keçirilir və ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır.
Baş nazir qeyd edib ki, amerikalı investor Cared Kuşnerin yatırımları tam qanunidir və onun fəaliyyəti qoruq ərazisinin keçmiş torpaq sahibinə qarşı aparılan istintaqla əlaqəli deyil.
“Albaniya iqtisadiyyatının çirkli pulların yuyulması üzərində qurulduğu barədə iddialar dəhşətlidir”, - deyə Rama vurğulayıb.
Albaniyada etiraz aksiyaları may ayının sonlarında tikinti şirkətlərinin kurort üçün nəzərdə tutulan ərazidə tikanlı məftillər çəkməsindən sonra başlayıb. Nümayişçilər çimərliyə gedən yolun bağlanmasına etiraz ediblər.
Ekoloji təşkilatların təşkil etdiyi aksiyalarda iştirakçılar əllərində qoruq ərazisində yaşayan çəhrayı flaminqoların təsvirlərini daşıyıblar. Buna görə də bəzi Qərb KİV-ləri hadisələri “Flaminqolar inqilabı” adlandırıb.
Edi Rama iyunun 7-də etirazlara baxmayaraq layihənin həyata keçiriləcəyini bəyan etsə də, aksiyalar gündəlik yürüşlərə çevrilib. Etirazçılar onun istefasını tələb edərək Tirandakı hökumət iqamətgahına doğru yürüşlər təşkil edirlər.
Qeyd edək ki, Albaniyanın Xüsusi Antikorrupsiya Prokurorluğu daha əvvəl Vyosa-Narta qoruq ərazisinin statusunun dəyişdirilməsi ilə bağlı araşdırmaya başlayıb. “Affinity Partners” investisiya şirkəti həmin ərazidə kurort kompleksi yaratmağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az