Ordu.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Məlumata görə, Belarus sərhədi yaxınlığında yerləşdiriləcək briqada 2027-ci ilin sonunadək tam şəkildə formalaşdırılmalı və döyüş hazırlığı vəziyyətinə gətirilməlidir.
Nəşr qeyd edir ki, bu, Almaniyanın müasir tarixində ilk dəfədir ki, belə böyük hərbi birləşmə ölkə sərhədlərindən kənarda daimi xidmət keçəcək.
Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, zəruri infrastrukturun hazırlanması planlaşdırılan qrafiki qabaqlayır. Onun sözlərinə görə, işlər təxminən on ay irəlidə gedir ki, bu da növbəti mərhələyə daha tez keçməyə imkan verir.
Nazir briqadanın tam döyüş hazırlığına nəzərdə tutulan tarixdən daha əvvəl çatmasının mümkünlüyünü də istisna etməyib.
Hazırda Litvada artıq 1800-ə yaxın alman hərbçisi xidmət edir. Onlar Belarus sərhədindən təxminən 20 kilometr məsafədə yerləşən Pabrade yaşayış məntəqəsində keçirilən “Freedom Shield” təlimlərində iştirak edirlər.
Təlimlərə 45-ci tank briqadası, Auqustdorfdakı 203-cü tank taboru və Oberfixtaxtakı 122-ci motoatıcı taborunun bölmələri cəlb olunub.
Robertas Kaunas Almaniya hərbi qüvvələrinin NATO-nun şərq cinahında yerləşdirilməsini alyansın çəkindirmə siyasətinin əsas elementlərindən biri və Litva-Almaniya əməkdaşlığının mühüm istiqaməti adlandırıb.
WELT nəşrinin məlumatına görə, tank briqadası 2026-cı ilin payızından etibarən Rudninkay rayonunda yerləşdirilməyə başlayacaq. Hərbi qulluqçuların ailələri ilə birlikdə həmin ərazidə yaşaması planlaşdırılır.
Bununla belə, Bundesver rəhbərliyi briqadanın tam döyüş hazırlığına çatdırılması prosesində kadr çatışmazlığının yarana biləcəyini istisna etmir.
Quru Qoşunlarının müfəttişi, general-leytenant Kristian Freydinq bildirib ki, hazırda əsas üstünlük könüllülərin cəlb edilməsinə verilsə də, zərurət yaranacağı təqdirdə məcburi tədbirlərin tətbiqi də mümkündür.
Almaniya Müdafiə Nazirliyində hesab edirlər ki, döyüş qabiliyyətinin təmin olunmasında əsas meyar effektivlik olmalıdır və bunun üçün yalnız könüllülük modelindən istifadə edilməməsi də mümkündür.
Sevinc Əliyeva
Ordu.az