Aİ Orta Dəhlizin inkişafı üçün "Connectivity Agenda Platform"u istifadəyə verir

2026/03/1773853704.jpg
Oxunub: 176     12:16     23 İyun 2026    
Avropa İttifaqı (Aİ) Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən Orta Dəhliz boyu nəqliyyat, enerji və rəqəmsal layihələrin koordinasiyası üçün yeni "Connectivity Agenda Platform"u istifadəyə verib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos platformanın istifadəyə verilməsinə həsr olunmuş konfransda bildirib.

Kosun sözlərinə görə, yeni platforma ayrı-ayrı təşəbbüsləri regionun nəqliyyat və logistika əlaqəsinin inkişafı üzrə vahid strategiyada birləşdirməklə marşrut ölkələri arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltməlidir.

"Connectivity Agenda Platform" bizə ayrı-ayrı təşəbbüsləri əlaqələndirməyə və daha geniş regionda əlaqələrin inkişafı üzrə ümumi baxış hazırlamağa imkan verəcək. O, həmçinin həqiqətən əhəmiyyət kəsb edən prioritet layihələr portfelini formalaşdırmağa töhfə verəcək", - Kos bildirib.

Platforma həmçinin hökumətləri, beynəlxalq maliyyə institutlarını və özəl investorları ümumi investisiya gündəliyi ətrafında birləşdirərək, maliyyə resurslarının cəlb edilməsini asanlaşdırmağa xidmət edir.

Aİ Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) Avropa və Asiya arasındakı ənənəvi ticarət marşrutlarına vacib alternativ kimi qiymətləndirir. Lakin onun inkişafı buraxılış qabiliyyətinin məhdud və daşıma müddətinin uzun olması səbəbindən ləngiyir. Hazırda yüklərin Çin və Qazaxıstan sərhədindən Rumıniyaya çatdırılması 45 günə qədər vaxt apara bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marta-Kos  


Bizi "telegram"da izləyin