Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin təqdim etdiyi məlumata görə, sistem ənənəvi lazer silahları ilə müqayisədə daha yüksək səmərəlilik və daha aşağı istismar xərci təqdim edir.
“Esh-Tech” şirkətinin baş icraçı direktoru Erex Riyahi bildirib ki, yönəlmiş enerji silahlarına ehtiyac sürətlə artır. Onun sözlərinə görə, “DroneLight” cəmi 4 kVt enerji sərf edir, taktiki nəqliyyat vasitələrinə inteqrasiya edilə bilir və mövcud lazer və ya mikrodalğalı sistemlərlə müqayisədə 3-4 dəfə daha sərfəlidir.
Məlumata görə, sistem ötən il platforma üzərində sınaqdan keçirilib və bu zaman 20 PUA uğurla məhv edilib.
Şirkət iddia edir ki, “DroneLight” lazer silahlarının əlverişsiz hava şəraitində qarşılaşdığı məsafə məhdudiyyətlərini azaltmağa imkan verən xüsusi proqram təminatı ilə təchiz olunub. Atmosfer şəraitini təhlil edən proqram lazer şüasının keçidi üçün ən uyğun “atmosfer pəncərələrini” təxminən 0,01 saniyəlik intervallarla müəyyən edir.
Bildirilib ki, bu imkan sistemin effektiv fəaliyyət məsafəsini 50-100 faiz artıraraq döyüş meydanındakı performansını əhəmiyyətli dərəcədə yüksəldir.
“DroneLight” əvvəlki nəsil fasiləsiz dalğalı lazerlərdən fərqli olaraq impulslu lazer texnologiyasından istifadə edir. Bu texnologiya enerjini qısa müddətdə yüksək sıxlıqla hədəfə yönəldərək hədəfin məhv edilməsi üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır.
Şirkət rəhbərinin sözlərinə görə, sistem saniyədə beş impuls göndərərək PUA-nın müxtəlif hissələrində çoxsaylı deşiklər açır və onu daha səmərəli şəkildə sıradan çıxarır. Bundan əlavə, sistemin sursat məhdudiyyəti yoxdur.
Sevinc Əliyeva
Ordu.az