FT: ABŞ və İran arasında əldə olunan razılaşma İsrail üçün strateji fəlakətə çevrilib

2026/06/1782048183.jpg
Oxunub: 203     13:12     23 İyun 2026    
ABŞ və İran arasında imzalanmış memorandumda İsrailin əsas tələblərinin əksini tapmaması Təl-Əvivdə ciddi narazılıq yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrail tərəfinin İrana bağlı qüvvələrə dəstəyin dayandırılması və Tehranın ballistik raket arsenalının azaldılması ilə bağlı tələbləri ABŞ ilə İran arasında əldə edilən razılaşmaya daxil edilməyib.

Qəzetə danışan keçmiş israilli rəsmilərdən biri bu vəziyyəti İsrail üçün strateji fəlakət kimi qiymətləndirib.

“Bunun nə qədər böyük strateji fəlakət olduğunu şişirtmək çətindir. Müharibədən əvvəlki dövrlə müqayisədə vəziyyət indi daha pisdir. Artıq ABŞ ilə əvvəlki kimi eyni istiqamətdə hərəkət etmirik”, - deyə o bildirib.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Tehranla əldə etdiyi aralıq razılaşma İsraildə narazılıqla qarşılanıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə israilliləri “oyanmağa və reallığı qəbul etməyə” çağırıb.

ABŞ-nin İsraildəki keçmiş səfiri Den Şapiro bildirib ki, Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu öz imkanlarını həddindən artıq qiymətləndirərək əlverişli strateji mövqeləri itiriblər.

Qəzet qeyd edir ki, İran münaqişə zamanı müəyyən itkilər versə də, öz mövqelərinin gücləndiyini hesab edir.

Bununla yanaşı, “Financial Times”ın məlumatına görə, Vaşinqton Livanda atəşkəsə nail olmağa çalışır. Bu təşəbbüs də İsraildə narazılıq doğurub. İsrailli siyasi texnoloq Nadav Ştrauxler bildirib ki, İranla razılaşma oktyabr ayında keçiriləcək seçkilər ərəfəsində Netanyahuya ciddi siyasi zərbə vurub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   İsrail  


Bizi "telegram"da izləyin