Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, dəyişikliklər nəticəsində and mətnindən ümummilli məqsədlərlə bağlı müddəalar çıxarılacaq və mətn daha çox Ermənistan ərazisi ilə məhdudlaşdırılacaq.
“İndiyədək deputatlar aşağıdakı mətni səsləndirirdilər: “Ümummilli məqsədlərin həyata keçirilməsi və vətənin gücləndirilməsi, çiçəklənməsi naminə xalq qarşısında daşıdığım öhdəlikləri vicdanla yerinə yetirəcəyimə, Ermənistan Konstitusiyasını və qanunlarını qoruyacağıma, Ermənistanın suverenliyinin və maraqlarının müdafiəsinə töhfə verəcəyimə, vətəndaş həmrəyliyinin, milli və bəşəri dəyərlərin qorunması üçün əlimdən gələni edəcəyimə and içirəm”, - deyə nəşr qeyd edib.
Məqalədə bildirilir ki, Alen Simonyan, Arusyak Culhakyan və Hasmik Hakopyanın müəllifi olduqları qanun layihəsi ilə and mətnindən “ümummilli məqsədlərin həyata keçirilməsi naminə” və “milli və bəşəri dəyərlərin qorunması üçün” ifadələrinin çıxarılması təklif olunur.
“Bunun əvəzində mətnə Ermənistan vətəndaşlarının təhlükəsizliyinin və azadlıqlarının müdafiəsi üçün çalışacaqları barədə müddəa əlavə edilir. Həmçinin and mətninin Nikol Paşinyanın müharibədən sonrakı şüarlarından biri olan “Ölənlərə eşq olsun və yaşasın Ermənistan” ifadəsi ilə tamamlanması nəzərdə tutulur”, - deyə nəşr vurğulayıb.
Nəşrin qiymətləndirməsinə görə, təklif olunan dəyişikliklər hakimiyyətin son illərdə irəli sürdüyü ideoloji yanaşmaların parlament səviyyəsində rəsmiləşdirilməsi istiqamətində növbəti addım hesab olunur.
Alpər Mövludoğlu
Ordu.az