Erməni deputat: “Evimizdə aparılan axtarış zamanı pul və zinət əşyaları götürülüb”

2026/06/1782201433.jpg
Oxunub: 193     11:51     23 İyun 2026    
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan evində aparılan axtarışla bağlı açıqlama verib.

Ordu.az xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları 2026-cı il iyunun 23-də səhər saatlarında deputatın mənzilində axtarış aparıblar.

Sağatelyanın vəkili Sergey Harutyunyan bildirib ki, mənzildə aparılan axtarış başa çatıb və heç bir qanunsuz əşya aşkarlanmayıb. Onun sözlərinə görə, bundan sonra hüquq-mühafizə orqanları deputatın avtomobillərində də axtarış aparmağa çalışıblar.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, deputatın evində cinayət işi çərçivəsində istintaq və prosessual hərəkətlər həyata keçirilir. Lakin qurum cinayət işinin mahiyyəti barədə ətraflı məlumat verməyib.

Jurnalistlərə açıqlama verən Saqğatelyan axtarışın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin tələblərinin yerinə yetirilməməsi ilə bağlı başladılan proses çərçivəsində aparıldığını bildirib.

“Vaxtilə daha ciddi ittihamlarla gəlirdilər, indi isə olduqca qəribə və anlaşılmaz səbəblərlə axtarış aparırlar. Evdən zinət əşyaları və nağd pul götürüblər”, - deyə deputat qeyd edib.

O, baş verənləri siyasi təqib kimi qiymətləndirərək son illərdə özünə qarşı aparılan növbəti qanunsuz proses olduğunu iddia edib. Sağatelyan bildirib ki, məsələ ilə bağlı inzibati məhkəməyə müraciət etsələr də, qısa müddət sonra prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Erməni deputat hazırda hər hansı prosessual statusa malik olmadığını, lakin yaxın vaxtlarda ona ittiham irəli sürüləcəyini istisna etmədiyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sağatelyan  


Bizi "telegram"da izləyin