Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin 374-cü qanadının mətbuat xidmətinin məlumatına əsasən, sözügedən PUA-lar bundan əvvəl on ildən artıq müddətdə Quam adasında yerləşdirilmişdi.
Məlumata görə, yerləşdirmə prosesi əvvəllər Quamdakı Andersen Hərbi Hava Bazasından fəaliyyət göstərən 319-cu Əməliyyat Qrupunun 4-cü Kəşfiyyat Eskadrilyası tərəfindən həyata keçirilir.
Yenidən yerləşdirmə prosesi may ayının sonlarında başlayıb və ilk PUA 2026-cı il mayın 27-də Tokio yaxınlığındakı yeni xidmət yerinə çatıb. Təxminən 150 hərbi qulluqçu da aparatlarla birlikdə Yaponiyaya göndərilib.
ABŞ hərbi rəsmiləri bazanın dəyişdirilməsinin əsas səbəbi kimi Quamdakı əlverişsiz hava şəraitini göstəriblər. Bildirilib ki, ada yay aylarında mütəmadi olaraq güclü tayfunların təsirinə məruz qalır və son olaraq “Singlaku” tayfunu bölgədə ciddi ziyan yaradıb.
Rəsmilər hesab edirlər ki, Yaponiyadakı daha əlverişli hava şəraiti fırtına mövsümündə əməliyyatların fasiləsiz icrasına imkan verəcək.
Təxminən 40 metr qanad açıqlığına malik ağır sinfinə məxsus RQ-4 “Global Hawk” PUA-sı 6,8 ton ağırlığındadır. Sistem 18 min metr hündürlüyədək geniş əraziləri müşahidə etməyə imkan verən qabaqcıl kamera və sensor paketləri ilə təchiz olunub.
PUA kəşfiyyat tapşırıqları zamanı 30 saatdan artıq havada qala bilir.
Qeyd edək ki, Yokota Hava Bazası ABŞ-nin 5-ci Hərbi Hava Qüvvələrinin qərargahı olmaqla yanaşı, 374-cü Hava Qanadına da ev sahibliyi edir.
Sevinc Əliyeva
Ordu.az