“Hraparak”: Nikol Paşinyan Qaqik Tsarukyanı müflis etmək niyyətindədir

2026/06/1782189598.jpg
Oxunub: 237     08:32     23 İyun 2026    
“Nikol Paşinyan Qaqik Tsarukyanı (erməni oliqarx-red.) təkcə parlamentə düşmək imkanından məhrum etməklə kifayətlənmədiyi, həm də onun biznes imperiyasına qarşı genişmiqyaslı addımlar atmağa hazırlaşır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, artıq bir həftədən çoxdur ki, Tsarukyan və ailəsi ilə əlaqələndirilən bütün obyektlərdə kütləvi yoxlamalar aparılır.

Nəşrin iddiasına görə, hakimiyyətin hərəkətlərinin əsas məqsədlərindən biri Qaqik Tsarukyanı siyasi baxımdan neytrallaşdırmaq və seçkilərdən sonrakı proseslərdə onun fəallığının qarşısını almaqdır.

“Bir tərəfdən Tsarukyanın seçkilərdən sonrakı dövrdə siyasi fəallıq göstərməsinə imkan verməməyə çalışırlar, digər tərəfdən isə Paşinyan özünün ən çox istifadə etdiyi üsullardan birinə əl ataraq ona qarşı çıxan şəxsin əmlakını əlindən almağa çalışır. Bununla yanaşı, ölkə üzrə kapitalın yenidən bölüşdürülməsi prosesi də həyata keçirilir”, - deyə nəşr qeyd edib.

Bildirilir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsi bir həftədən artıqdır Tsarukyan və ailəsi ilə əlaqəli bütün obyektlərdə yoxlamalar aparır.

“Dünən iqtisadiyyat naziri Gevorq Papoyan fəxrlə açıqladı ki, Tsarukyana məxsus “Şanqri La” kazinosuna 2014-cü ildə verilmiş lisenziya etibarsız hesab edilib. Bir neçə gün əvvəl isə prokurorluq “Araratsement” müəssisəsinin özəlləşdirilməsi ilə bağlı proses başladıb”, - deyə nəşr vurğulayıb.

Müəllifin sözlərinə görə, seçkilərdə iştirak etmiş müxalif qüvvəyə qarşı bu cür açıq siyasi təzyiq nümunələri Ermənistan vətəndaşlarının yaddaşında nadir hallardan biri kimi qiymətləndirilir.

“Baş verənlər siyasi motivli təqib təsiri bağışlayır və ölkədəki siyasi mübarizənin yeni mərhələyə keçdiyini göstərir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tsarukyan  


Bizi "telegram"da izləyin