Makrondan 1,2 milyon dramlıq orden, fon der Lyayendən dəri çanta: Paşinyan hansı hədiyyələri alıb?

2026/06/1782191118.jpg
Oxunub: 242     09:03     23 İyun 2026    
“Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyasının dərc etdiyi hədiyyələrin qeydiyyatı sənədlərindən məlum olub ki, baş nazir Nikol Paşinyan 2026-cı ilin iyun ayına olan yenilənmiş məlumatlara əsasən ən azı beş protokol və rəsmi hədiyyə alıb. Bu hədiyyələr arasında bahalı aksesuarlar, qədim kitablar, orden və dekorativ əşyalar yer alır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, baş nazirə təqdim edilən ən bahalı hədiyyə Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilib.

“Söhbət Fransa Respublikasının Şərəf Legionunun Böyük Xaç ordenindən gedir. Hədiyyənin dəyəri 1 milyon 265 min 115 dram olaraq qiymətləndirilib. Orden may ayında Fransa prezidentinin şərəfinə prezident iqamətgahında təşkil olunan dövlət ziyafəti çərçivəsində Paşinyana təqdim edilib”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, Makron tərəfindən təqdim edilən digər diqqətçəkən hədiyyə 1818-ci ildə Venesiyada nəşr olunmuş Minas Bjişkyanın “Çemaran giteleats” əsəri olub.

“Qədim kitabın dəyəri 308 min 635 dram olaraq qiymətləndirilib”, - deyə nəşr yazıb.

“Joğovurd” qeyd edir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Ermənistan-Avropa İttifaqı ilk sammiti çərçivəsində Paşinyana hədiyyə təqdim edib.

“2026-cı il mayın 5-də baş nazirə “RECIFE” markalı dəri çanta verilib. Hədiyyənin dəyəri 161 min 918 dram təşkil edib”, - deyə məqalədə vurğulanıb.

Nəşrin məlumatına görə, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun rəhbərlik etdiyi nümayəndə heyətinin martın 19-da Ermənistana səfəri zamanı Paşinyan daha bir bahalı hədiyyə alıb.

“Baş nazirə “Salvatore Ferragamo” markalı qırmızı qalstuk təqdim olunub. Hədiyyənin dəyəri təxminən 276 min dram, yəni 640 avro olaraq qiymətləndirilib”, - deyə nəşr qeyd edib.

Məqalədə Latviya Prezidenti Edqars Rinkeviçsin təqdim etdiyi hədiyyə də xatırladılır.

“Latviya prezidentinin hədiyyə etdiyi “an&angel” markalı şüşə qabın dəyəri 70 min 222 dram təşkil edib. Hədiyyə mayın 7-də Ermənistana rəsmi səfər etmiş Latviya nümayəndə heyətinin qəbulunda təqdim olunub.

Beləliklə, yalnız açıqlanmış məlumatlara əsasən Nikol Paşinyanın aldığı beş hədiyyənin ümumi dəyəri 2 milyon dramı ötür. Bütün hədiyyələr qanunvericiliyə uyğun şəkildə alınmış protokol və ya rəsmi hədiyyələr kimi qeydiyyata alınıb və Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim edilmiş sənədlərə daxil edilib”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin