Birləşmiş Krallıq Ukrayna üçün 500 kilometrdən artıq mənzilə malik yeni qanadlı raketlər hazırlayır

2026/06/1782190309.jpg
Oxunub: 253     08:48     23 İyun 2026    
Birləşmiş Krallığın Müdafiə Nazirliyi Ukraynanın uzaqmənzilli dəqiq zərbə imkanlarını artırmaq məqsədilə həyata keçirilən “Project Brakestop” proqramı çərçivəsində hazırlanmış üç yeni quru əsaslı qanadlı raketin uçuş sınaqlarını uğurla başa vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, 2024-cü ilin noyabr ayında başladılan proqram çərçivəsində hazırlanan sistemlərin 500 kilometrdən artıq mənzilə malik olması, aşağı xərc ilə istehsal edilməsi və ABŞ mənşəli komponentlərdən istifadə olunmadan hazırlanması nəzərdə tutulur.

Bununla Ukraynaya uzunmüddətli silah təchizatının sürətləndirilməsi və xarici asılılığın azaldılması hədəflənir.

Birləşmiş Krallığın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən proqramda ümumilikdə 27 şirkət iştirak üçün müraciət edib. Texniki qiymətləndirmələrdən sonra altı şirkətə hər biri təxminən 5 milyon funt sterlinq dəyərində prototip hazırlanması müqaviləsi təqdim olunub.

2025-ci ilin dekabrı ilə 2026-cı ilin fevralı arasında keçirilən uçuş sınaqlarından sonra MBDA UK, “MGI Engineering” və “Rotron Aerospace” şirkətlərinin hazırladığı üç sistem final mərhələsinə vəsiqə qazanıb.

Proqramın tələblərinə əsasən, raketlər ən azı 500 kilometr mənzilə, 225 kiloqram döyüş başlığı daşıma qabiliyyətinə, saatda 600 kilometrdən artıq sürətə və ayda minimum 20 ədəd istehsal imkanına malik olmalıdır.

Finala qalan sistemlərdən biri olan CROSSBOW raketi turbojet mühərriki və GPS-dən asılılığı azaldan görüntü əsaslı naviqasiya sistemi ilə seçilir.

MBDA bildirib ki, CROSSBOW 2025-ci ilin dekabrında və 2026-cı ilin fevralında keçirilən iki uğurlu uçuş sınağını tamamlayıb və artıq seriyalı istehsala hazır vəziyyətə gətirilib.

“MGI Engineering” tərəfindən hazırlanmış “TigerShark” konsepsiyası “Formula-1” texnologiyalarından əldə edilən kompozit materiallardan və qabaqcıl aerodinamik həllərdən istifadə edir.

“Rotron Aerospace” tərəfindən hazırlanan “SkyLance” isə pərli quruluşu ilə fərqlənir. Nisbətən aşağı xərc təklif edən bu sistemin sursat anbarları, logistika mərkəzləri, komanda məntəqələri və kritik infrastruktur obyektləri kimi sabit hədəflərə qarşı tətbiqi nəzərdə tutulur.

Proqramın ikinci mərhələsində şirkətlərə təxminən 15 milyon funt sterlinq dəyərində yeni müqavilələr təqdim olunub. Bu çərçivədə hər şirkət 15 raket, buraxılış qurğusu və yardımçı vasitələr istehsal edəcək.

Bu sistemlər silahlanmaya qəbul edilərsə, Ukrayna hava bazaları, sursat anbarları, komanda mərkəzləri, dəmir yolu şəbəkələri və cəbhənin arxa hissəsində yerləşən mühüm hərbi obyektlərə qarşı yeni quru əsaslı uzaqmənzilli zərbə imkanları əldə edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Birləşmiş-Krallıq   Ukrayna  


Bizi "telegram"da izləyin