KİV: Ermənistan MN möhlət hüququnun verilməsi qaydasında dəyişiklik təklif edir

2026/06/1782191159.jpg
Oxunub: 343     09:06     23 İyun 2026    
“Ermənistan Müdafiə Nazirliyi hökumətin 2023-cü il martın 23-də qəbul etdiyi 383-N nömrəli qərarında əlavə və dəyişikliklərin edilməsini təklif edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb.

Nəşrin məlumatına görə, dəyişikliklərin məqsədi hərbi xidmətlə bağlı qanunvericilikdə 2026-cı il mayın 11-də qəbul olunmuş düzəlişlərin hökumət qərarlarında tətbiq edilməsini təmin etməkdir.

“Dəyişikliklər “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna edilmiş əlavələrlə bağlıdır. Mövcud qanunvericiliyə əsasən elm, təhsil, mədəniyyət, incəsənət və idman sahələrində mühüm nailiyyətlər əldə etmiş və ya dövlət üçün prioritet hesab olunan təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat istiqamətlərində ali təhsil alan vətəndaşlara müəyyən hallarda möhlət hüququ verilə bilərdi. Lakin əvvəllər “Şərəfim var” proqramı çərçivəsində möhlət almış şəxslər bu hüquqdan yenidən yararlana bilmirdilər”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, yeni qanun dəyişikliyi həmin məhdudiyyəti qismən aradan qaldırır.

“Qanuna edilən əlavəyə əsasən, əgər vətəndaşa “Şərəfim var” proqramı çərçivəsində verilmiş möhlət onun sağlamlıq vəziyyəti ilə əlaqədar dayandırılıbsa, bu halda həmin şəxsə yenidən möhlət hüququ verilə bilər”, - deyə nəşr yazıb.

Nəşrin məlumatına görə, bunun üçün hökumətin 2018-ci il aprelin 12-də qəbul etdiyi 451-N nömrəli qərarında da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

“Layihə ilə dövlət üçün prioritet hesab olunan təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat istiqamətlərində təhsil alan və sağlamlıq səbəbindən “Şərəfim var” proqramından ayrılmış vətəndaşlara yenidən möhlət almaq hüququ verilir. Layihənin qəbul olunması ilə bağlı əlavə maliyyə vəsaitinin ayrılmasına ehtiyac yaranmayacaq”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Möhlət-hüququ  


Bizi "telegram"da izləyin