Malayziya CAESAR özüyeriyən haubitsaları üçün müqavilə imzalayıb

2025/10/photo-1760605010.jpg
Oxunub: 205     14:20     20 İyun 2026    
Malayziya fransız-alman müdafiə qrupu KNDS-dən 18 ədəd CAESAR özüyeriyən haubitsa sistemi sifariş edib.

Ordu.az xəbər verir ki, bununla da Malayziya təkərli CAESAR haubitsasını arsenalına daxil edən 15-ci ölkə olub.

Müqavilə Parisdə keçirilən “Eurosatory 2026” müdafiə sərgisində KNDS və Malayziyanın “Advanced Defense System” şirkətinin nümayəndələri arasında rəsmiləşdirilib.

Razılaşmaya əsasən, sistemlərin texnologiya transferi çərçivəsində Malayziyada yığılması nəzərdə tutulur. Bu yanaşmanın yerli müdafiə sənayesinin layihədə iştirakını artırmağa xidmət etdiyi bildirilir.

Təkərli şassi üzərində quraşdırılmış CAESAR sistemi uzaqmənzilli atəş gücünü yüksək strateji hərəkət qabiliyyəti ilə birləşdirmək üçün hazırlanıb.

KNDS-in təqdim etdiyi məlumata görə, sistem bir dəqiqədən az müddətdə altı mərmi ata bilir və 40 kilometrədək məsafədə yerləşən hədəfləri vurmaq imkanına malikdir.

CAESAR sisteminin digər üstünlüyü isə atəş mövqeyini bir neçə dəqiqə ərzində tərk edə bilməsidir. Bu xüsusiyyət onun əks-batareya atəşindən yayınma və sağqalma imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Mütəxəssislər hesab edirlər ki, bu tədarük Kuala-Lumpur rəhbərliyinin artilleriya imkanlarını modernləşdirmək və yerli müdafiə sənayesinin istehsal potensialını genişləndirmək istiqamətində atdığı addımların tərkib hissəsidir.

KNDS bildirib ki, proqram eyni zamanda Malayziyanın Milli Müdafiə Siyasətinə də uyğundur. Həmin siyasət ölkənin yerli müdafiə istehsalı və texniki dəstək imkanlarının gücləndirilməsini nəzərdə tutur.

Yeni müqavilə KNDS ilə Malayziya müdafiə sektoru arasında mövcud əməkdaşlığın davamı hesab olunur.

Qeyd edək ki, Malayziya 2018-ci ildə şirkətlə 105LG yüngül yedəkli haubitsalarının tədarükü və yerli montajını əhatə edən əməkdaşlıq sazişi imzalamışdı.

“KNDS France” şirkətinin baş icraçı direktoru Nikola Qrulo bildirib ki, şirkət Malayziya Quru Qoşunlarını ən yüksək əməliyyat standartlarına cavab verən artilleriya sistemləri ilə təmin etməkdən qürur duyur.

“Malayziya Quru Qoşunlarını dünya səviyyəli artilleriya sistemləri ilə dəstəkləməkdən böyük qürur duyuruq”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   CAESAR   Haubitsa  


Bizi "telegram"da izləyin