“168.am”: Paşinyan MTX mühafizəsinə aid videonun sızdırılmasını Sərhəd Qoşunları Komandanlığının məsuliyyət zonasına aid edəcək?

2026/06/1781758491.jpg
Oxunub: 164     14:54     20 İyun 2026    
“Bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryanın “Zvartnots” hava limanından ölkəni tərk etməsinə icazə verilməmişdi. Daha sonra isə hadisənin görüntüləri Nikol Paşinyanın ailəsinə məxsus media orqanında yayımlandı. Müxalifət nümayəndələri bunun Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarına məxsus müşahidə kameralarının qeydləri olduğunu iddia edirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşrində dərc olunan “Paşinyan MTX mühafizəsinə aid videonun sızdırılmasını Sərhəd Qoşunları Komandanlığının məsuliyyət zonasına aid edəcək?” başlıqlı məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ölkəni tərk etməsinə “Zvartnots” hava limanında icazə verilməyib. Nəşrin istinad etdiyi məlumatlara görə, həmin vMTX o, heç bir cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda olmayıb və buna görə də onun ölkədən çıxışına hüquqi məhdudiyyət tətbiq edilə bilməzdi. Bu məlumatın həm məhkəmə, həm də istintaq orqanları tərəfindən təsdiqləndiyi vurğulanır.

Müəllif qeyd edir ki, hadisə bununla yekunlaşmayıb və qısa müddət sonra Robert Köçəryanın ölkədən çıxışının əngəllənməsini əks etdirən video Nikol Paşinyanın ailəsinə məxsus media orqanında yayımlanıb.

“Kameranın yerləşdiyi mövqe və görüntülərin məzmunu bir sıra media qurumlarına və ictimai xadimlərə videonun “Zvartnots” hava limanındakı sərhəd-keçid məntəqəsinin müşahidə kameraları vasitəsilə qeydə alındığını iddia etməyə əsas verib.

Xatırladaq ki, 2024-cü il iyulun 31-də “Zvartnots” hava keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi üzrə səlahiyyətlər Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərindən Ermənistan tərəfinə təhvil verilmişdi.

Sərhəd-keçid məntəqəsinin müşahidə kameralarının qeydə aldığı görüntülər hansı yolla hakimiyyətə yaxın media qurumunun əlinə keçib və bunun qanuni olub-olmaması necə qiymətləndirilməlidir? Bu məsələdə həm MTX direktoru Andranik Simonyanın, həm də MTX Sərhəd Qoşunlarının komandanı Qarik Muradyanın məsuliyyəti var”, - deyə nəşr bildirib.

“Hayastan” fraksiyasının deputatı Geğam Manukyan “168.am”a açıqlamasında bildirib ki, məsələ ilə bağlı həm Ermənistan MTX-yə, həm də Sərhəd Qoşunları Komandanlığına rəsmi yazılı sorğular göndərilib.

“Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti demək olar ki, dərhal videonu yayımladı. Çılpaq gözlə də görünür ki, görüntü “Zvartnots” hava limanının nəzarət-buraxılış məntəqəsində quraşdırılmış kameradan götürülüb. Bu kamera Ermənistan MTX Sərhəd Qoşunlarına məxsusdur. Belə məxfi qurumdan bu tip video və məlumat yalnız ən yüksək rəhbərliyin qərarı ilə, MTX direktorunun və Sərhəd Qoşunları komandanının icrası nəticəsində kənara çıxa bilər”, - deyə deputat bildirib.

Geğam Manukyan əlavə edib ki, bu, ilk belə hadisə deyil.

Məqalədə daha sonra Ermənistan qanunvericiliyinə əsasən Sərhəd Qoşunlarının səlahiyyət və vəzifələri sadalanır. Qeyd olunur ki, sərhədi keçmək hüququ verən sənədlərdə müvafiq qeydlərin aparılması, zəruri hallarda sənədlərin müvəqqəti götürülməsi, saxta sənədlərin müsadirəsi, dövlət sərhədi rejiminə nəzarət məqsədilə şəxslərin qeydiyyatının və məlumat bazalarının aparılması, həmçinin qanunla nəzərdə tutulmuş araşdırmaların həyata keçirilməsi bu səlahiyyətlər sırasındadır.

Bununla yanaşı, dövlət sərhədi rejiminin qorunması, sərhəd qaydalarının pozulmasının qarşısının alınması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi də Sərhəd Qoşunlarının əsas vəzifələri kimi göstərilir.

Məqalədə vurğulanır ki, Sərhəd Qoşunları MTX-nin tabeliyində fəaliyyət göstərir, MTX isə birbaşa Nikol Paşinyana tabedir.

Nəşr xatırladır ki, Nikol Paşinyanın 2018-ci il iyunun 28-də imzaladığı qərarla təsdiq edilmiş MTX-nin əsasnaməsinə əsasən, Milli Təhlükəsizlik Xidmətini baş nazir idarə edir, xidmətin direktoru isə quruma tabe olan təşkilat və müəssisələrə rəhbərlik edir.

“MTX-nin funksiyalarına dövlət və xidməti sirrin qorunması, informasiya təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, şifrələmə və texniki mühafizə sistemlərinin koordinasiyası, eləcə də operativ və arxiv materiallarının saxlanılması qaydalarının müəyyən edilməsi daxildir.

Qanunvericilikdə MTX-yə məxsus videomaterialların özəl media qurumlarına verilməsinə icazə verən hər hansı norma mövcuddurmu? Deputat Geğam Manukyanın sorğularına veriləcək cavabları gözləmək lazımdır. Lakin artıq indidən MTX və Sərhəd Qoşunları Komandanlığı öz səlahiyyət həddini aşmış ola bilər”, - deyə müəllif yazıb.

Nəşr əlavə edir ki, MTX birbaşa Nikol Paşinyana tabe olduğundan, baş nazirin bu hadisədə öz məsuliyyətini qəbul edib-etməyəcəyi də açıq sual olaraq qalır.

Məqalədə xatırladılır ki, 2025-ci il noyabrın 10-dan MTX Sərhəd Qoşunlarının komandanı vəzifəsini tutan Qarik Muradyan daha əvvəl Qarabağdakı ləğv edilmiş qanunsuz “hərbi birləşmə”də və Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunda müxtəlif vəzifələrdə xidmət edib.

“O, həmçinin Tavus istiqamətində delimitasiya və demarkasiya prosesinin ilk mərhələsində həmin bölgədə hərbi xidmət keçib. Nikol Paşinyan dövlət sərhədinin mühafizəsini ona həvalə edib. Əvvəllər bu təyinatın müsbət addım kimi qiymətləndirildiyi bildirilsə də, məqalə müəllifi hazırda bununla bağlı mənfi nəticələr çıxarmağa məcbur olduğunu vurğulayır”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   MTX   Ermənistan  


Bizi "telegram"da izləyin