Erməni ekspert: “Həmin gündəlik faktiki olaraq Azərbaycanın tələblərini əks etdirir”

2026/06/1781758586.jpg
Oxunub: 239     15:09     20 İyun 2026    
“Azərbaycan mediasında seçkilərdən sonra ən çox müzakirə olunan mövzulardan biri Ermənistan Konstitusiyasıdır. Bakıda hesab edirlər ki, Nikol Paşinyan konstitusiya çoxluğu əldə etməyib və buna görə də əsas qanunun dəyişdirilməsi məsələsi gündəmdə qalır”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Tatevik Hayrapetyan deyib.

Məlumata görə, 2026-cı il iyunun 14-də Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında işgüzar görüş keçirilib.

Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib ki, tərəflər iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bundan əlavə, Armen Qriqoryan və Hikmət Hacıyev işgüzar təmasların davam etdirilməsi barədə razılığa gəliblər və növbəti görüşün Azərbaycanda keçiriləcəyini qeyd ediblər.

Mövzu ilə bağlı danışan Tatevik Hayrapetyan bildirib ki, Azərbaycan rəsmilərinin və ya onlara yaxın ekspertlərin Ermənistana səfərləri adətən eyni prinsip əsasında həyata keçirilir.

“Belə səfərlər barədə əvvəlcədən demək olar ki, heç bir məlumat verilmir. Səfər başa çatdıqdan sonra bir neçə cümlədən ibarət qısa açıqlama yayılır və məsələ bununla yekunlaşır. Bu görüşlərin məzmununu isə sonradan baş verən hadisələrdən və ya Nikol Paşinyan və komandasının dövriyyəyə buraxdığı gündəlikdən anlayırıq. Həmin gündəlik isə faktiki olaraq Azərbaycanın tələblərini əks etdirir”, - deyə o bildirib.

Erməni ekspert qeyd edib ki, Azərbaycan mediasının böyük hissəsi görüşlə bağlı yalnız rəsmi açıqlamanı yayıb və bu mövzu ətrafında geniş müzakirələr aparılmayıb.

“Yalnız bir məqalədə azərbaycanlı ekspertin fikrinə rast gəldim. O hesab edirdi ki, Hikmət Hacıyevin Ermənistana səfəri anklavlar mövzusunda aparılan müzakirələrlə əlaqəli ola bilər. Bu ehtimal səfərin marşrutu, xüsusilə Tavus bölgəsi və Dilicana baş çəkməsi ilə əlaqələndirilirdi”, - deyə Hayrapetyan vurğulayıb.

Hayrapetyan qeyd edib ki, mövcud məlumatların məhdudluğu səbəbindən görüşün bütün məzmunu barədə danışmaq çətindir.

“Ancaq bir şeyi dəqiq deyə bilərəm ki, Ermənistanda seçkilərdən sonra Azərbaycan mediasında ən fəal müzakirələr Ermənistan Konstitusiyası ətrafında gedir. Onlar anlayırlar ki, Paşinyan konstitusiya çoxluğu əldə etməyib və buna görə də “haradadır, niyə Konstitusiyanı dəyişmir?” məzmunlu məqalələr dərc olunur. Müzakirələrin əsas istiqaməti budur. Buna görə də Hikmət Hacıyevlə keçirilən görüşdə həmin mövzunun da müzakirə edildiyinə təəccüblənmərəm”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hayrapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin