Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Xramçixin deyib.
O bildirib ki, Cənubi Qafqazla bağlı Sergey Lavrov və Hakan Fidanın birgə mesajı Moskva və Ankaranın regionda öz təsir imkanlarını möhkəmləndirməyə çalışdıqlarını və regional məsuliyyət prinsipini təsbit etməyə çalışdıqlarını göstərir.
“Cənubi Qafqazla bağlı səsləndirilən bəyanatlar region ölkələrinə və Qərbə verilən siqnal idi ki, Rusiya və Türkiyə regional məsələlərin region daxilində, kənar müdaxilə olmadan həll edilməli olduğu barədə konsensusa malikdir. Maraqlıdır ki, ABŞ və Avropa İttifaqının Cənubi Qafqaz proseslərində fəal iştirak etməyə çalışdığı, Qərbin bir çox proseslərdə aktiv rol aldığı indiki mərhələdə Rusiya və Türkiyə çoxsaylı fikir ayrılıqlarına baxmayaraq, regiondankənar qüvvələrin iştirakının məhdudlaşdırılması mövqeyindən çıxış edir. Bu yanaşmanı İran İslam Respublikası da bölüşür”, - deyə Xramçixin bildirib.
Onun sözlərinə görə, bu bəyanatlar əslində Avropa inteqrasiyası siyasətini fəal şəkildə həyata keçirən Ermənistan üçün nəzərdə tutulub. Analitik qeyd edib ki, hazırda Qərb regionla bağlı bir çox məsələdə məhz rəsmi İrəvana istinad edir.
“Bir tərəfdən çoxqütblü dünya nizamının formalaşdığını və dəyişikliklərin, o cümlədən Cənubi Qafqazda baş verdiyini görürük. Digər tərəfdən isə Türkiyənin mövqelərinin güclənməsi ilə yanaşı, Qərbin də regionda möhkəmləndiyini müşahidə edirik. Bu tendensiya bütün regional ölkələri narahat edir. Lakin Türkiyənin vəziyyəti fərqlidir, çünki İran və Rusiyadan fərqli olaraq Qərb Türkiyənin Cənubi Qafqazdakı maraqlarına hörmətlə yanaşır. Buna görə də bu mesajlarda daha çox diplomatik məqamlar yer alır. Son dövrlərə diqqət yetirsək görərik ki, Türkiyə “3+3” formatına əvvəlki qədər maraq göstərmir, çünki Ankara Cənubi Qafqazda təkbaşına kifayət qədər rahat mövqedədir”, - deyə o vurğulayıb.
Xramçixin Hakan Fidanın Ermənistan və Azərbaycan arasında əldə olunmuş irəliləyişlə bağlı məmnunluğunu ifadə etməsini də diqqətçəkən məqam kimi qiymətləndirib.
“Türkiyə göstərməyə çalışır ki, Cənubi Qafqazda baş verən proseslər məhz onun müəyyən etdiyi məntiq çərçivəsində inkişaf edir. Bu yanaşmaya kommunikasiya xətlərinin açılması perspektivi də daxildir”, - deyə analitik qeyd edib.
Xramçixin hesab edir ki, Lavrov-Fidan görüşünün nəticələri Türkiyənin Qərb və Şərq arasında effektiv vasitəçi və mühüm oyunçu rolunu qorumağa çalışdığını bir daha nümayiş etdirir.
Onun fikrincə, eyni vəziyyət Cənubi Qafqaza da aiddir. Fərq ondadır ki, Türkiyə bu regionda real təsir imkanlarına malikdir və onun birbaşa qonşuluğunda yerləşir.
“Hazırda Cənubi Qafqazda Türkiyənin elə mövqeyi var ki, nə Rusiya, nə də Qərb belə mövqeyə sahibdir. Buna görə də Türkiyə həm Rusiya, həm də Qərb üçün regionda təsirin qorunması və hətta genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lavrov və Fidanın bəyanatları böyük diplomatiyanın tərkib hissəsidir. Burada Rusiya öz maraqlarını, Türkiyə isə öz maraqlarını ifadə edir. Lakin mahiyyət etibarilə Moskvada Cənubi Qafqazla bağlı səsləndirilən mesajlar region ətrafında formalaşmış mürəkkəb konfiqurasiyaları nümayiş etdirdi”, - deyə Xramçixin bildirib.
Alpər Mövludoğlu
Ordu.az