“168.am”: Bakıdan Paşinyana öyrədici mesaj verildi

2026/06/1781844762.jpg
Oxunub: 150     15:52     20 İyun 2026    
“Nikol Paşinyan hökumətin bugünkü iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Ermənistanda seçkilərdən sonrakı hadisələr fonunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Dilicanda keçirilən görüş onun tapşırığı ilə baş tutub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Bakıdan Paşinyana öyrədici mesaj” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının rəsmi məlumatına əsasən, görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinə aid məsələlər müzakirə olunub.

“Armen Qriqoryana mən tapşırmışam ki, Azərbaycanın müvafiq nümayəndəsi ilə müzakirə etsin, ümumiyyətlə, belə bir maraq varmı, belə bir zərurət mövcuddurmu, yoxsa yoxdurmu”, - deyə Paşinyan bildirib.

Paşinyan bir gün əvvəl parlament-hökumət sual-cavab iclasında da Hikmət Hacıyev-Qriqoryan görüşünə toxunaraq qeyd edib ki, həmin görüşün təşkili ilə konkret təhlükənin idarə olunmasına cəhd göstərilib.

“Təkcə Azərbaycanda deyil, xarici aləmdə, belə bir sual yarana bilər ki, Ermənistanda 500 min vətəndaş varmı ki, “dənizdən dənizə Ermənistan” ideyasını həyata keçirmək, Qarabağı geri qaytarmaq və ya Qarabağa gedərək sülh sazişini yenidən nəzərdən keçirmək istəyir? Yəni belə düşünən 500 min insan varmı?

Əgər təsəvvür belə formalaşsa ki, bu qədər insan mövcuddur... Bizə konstitusion çoxluq lazımdır ki, müharibəni istisna edə bilək. Əgər biz bu vəziyyəti indi idarə etməsək və belə bir təsəvvür yaransa ki, Ermənistanda 500 min nəfər “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) davam etdirmək istəyir, yəni mən müharibə tərəfdarı olan üç siyasi qüvvənin topladığı səslərin cəmindən danışıram, bu, Ermənistanda hərbi-siyasi vəziyyəti ciddi şəkildə gərginləşdirəcək. Xüsusilə də bu gün yeni ordumuzun olduğu şəraitdə. Belə bir sual yarana bilər ki, bəlkə həmin ordu həmin insanların əlinə keçə bilər...”, - deyə Paşinyan bildirib.

Məqalədə qeyd olunur ki, Paşinyan bir neçə mesaj verməyə çalışıb, bunlardan biri Ermənistanda Qarabağı geri qaytarmaq və yeni müharibə başlamaq istəyən insanların çoxluq təşkil etmədiyini göstərmək olub.

“Burada manipulyasiya elementi mövcuddur. Çünki Ermənistanda hətta müxalif qüvvələr də Qarabağın hərbi yolla geri qaytarılmasından və ya müharibənin başlanmasından danışmayıblar. Buna baxmayaraq, Paşinyan hərbi-siyasi vəziyyətin gərginləşməsinə görə siyasi rəqiblərini məsuliyyət daşıyan tərəf kimi təqdim edib və dolayısı ilə Ermənistanda revanşist qüvvələrin mövcudluğunu qəbul edib.

Bununla da müəllif dolayı yolla Ermənistanın hazırkı hakimiyyətinə çatdırmağa çalışır ki, müharibə ehtimalını heç vaxt tamamilə istisna etmək olmaz və hərbi-siyasi planlar yalnız zahirdə görünən və nümayiş etdirilən sülh mənzərəsinə əsaslanaraq qurulmamalıdır. Azərbaycan tərəfi bu reallığı heç vaxt unutmur”, - deyə məqalədə bildirilib.

Məqalədə diqqətə çatdırılır ki, “Qartal Tərəfdaş-2026” sülhməramlı təlimləri ilə eyni vaxtda Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında “Qafqaz Qartalı-2026” taktiki xüsusi təyinatlı təlimləri keçirilir. Həmin təlimlərdə Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı qüvvələri iştirak edir. Müəllif qeyd edir ki, Ermənistan tərəfi ən azı açıq şəkildə bu məsələdən narahatlıq ifadə etmir.

Nəşr yazır ki, bəzi şəxslər bunun regional ölkələrin iştirakı ilə keçirilən təlimlər olduğunu əsas gətirə bilərlər. Lakin Azərbaycan yalnız region ölkələri ilə deyil, digər dövlətlərlə də hərbi təlimlər keçirir.

Məqalədə Paşinyanın Qarabağ münaqişəsini, Azərbaycanın qeyd etdiyi hərbi cinayətləri və keçmiş hadisələri xatırlamamağın vacibliyi barədə tez-tez bəyanatlar verdiyi vurğulanır.

Məqalədə bildirilir ki, İlham Əliyev İslam Bankının illik toplantısının açılış mərasimində çıxışı zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri olan və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri hesab edilən Fransa, Rusiya və ABŞ-nin sülhə nail olmaq və işğal altındakı əraziləri azad etmək mandatına malik olduqlarını, lakin Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa məcbur edə bilmədiklərini söyləyib.

Nəşr Prezident İlham Əliyevin sözlərini sitat gətirərək yazıb: “Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən Prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində, dediyim kimi, sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda şəxsən iştirak etdim, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışdım. Biz deyirdik: “Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün”. Bunun müqabilində isə yalnız bir cavab alırdıq: “Gedin razılaşın” birinci mesaj. İkinci mesaj: “Bu münaqişənin hərbi həlli yoxdur”. Üçüncü mesaj: “Siz müharibəyə başlaya bilməzsiniz”. Dördüncü mesaj: “Əgər müharibəyə başlasanız, sanksiyalara məruz qalacaqsınız” və bunun kimi çoxsaylı başqa mesajlar verilirdi, sadəcə, vaxtınızı çox almaq istəmirəm”.

Məqalə müəllifi hesab edir ki, ATƏT-in Minsk qrupu ən azı genişmiqyaslı müharibənin qarşısını almağa nail olmuşdu. Onun fikrincə, vəziyyətin nə vaxtsa partlayacağı ilə bağlı təsəvvürlər mövcud olsa da, Qarabağ məsələsi ətrafında aparılan danışıqlar prosesində ABŞ, Fransa və Rusiya arasında ciddi fikir ayrılığı olmayıb.

“Daha sonra nə baş verdiyini hamımız gördük, bu gün nələrin yaşandığını da görürük. Sabah nələrin baş verəcəyini isə təxmin etmək mümkündür. Çünki Ermənistan artıq faktor deyil və böyük ölçüdə təsirli söz sahibi olmaq imkanını itirib”, - deyə məqalədə qeyd olunur.

Nəşr sonda qeyd edir ki, Paşinyan hakimiyyəti yalnız bu günlə yaşayır və hətta açıq görünən prosesləri də görməməyə çalışır. Müəllifin fikrincə, Bakı beynəlxalq ictimaiyyət üçün Qərbi azərbaycanlıların qayıdış hüququ məsələsini getdikcə daha məqbul formada təqdim etməyə və bu mövzuda Ermənistanın üzərinə müəyyən öhdəliklər qoymağa çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin