Xameneyinin müşaviri: “ABŞ “ümidsiz məğlub cinayətkar”dır”

2026/06/1781953304.jpg
Oxunub: 204     14:57     20 İyun 2026    
İranın ali rəhbərinin müşaviri və İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rəzai bəyan edib ki, İran ətrafında baş vermiş son ABŞ-İsrail qarşıdurması zamanı Vaşinqton “ümidsiz və məğlub cinayətkar” kimi davranıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Rəzainin sözlərinə görə, qarşıdurmanın gedişində ABŞ və İsrail hadisələrin inkişafına nəzarəti itirib və strateji çıxılmaz vəziyyətlə üzləşiblər. O hesab edir ki, bu nəticə Vaşinqtonun beynəlxalq arenadakı mövqelərinin zəifləməsinin göstəricisidir.

Keçmiş korpus komandiri bunun səbəbləri kimi ABŞ-də mövcud olan daxili siyasi problemləri, silahlı qüvvələrin kifayət qədər hazırlıqlı olmamasını, bir sıra strateji istiqamətlərdə, o cümlədən Hörmüz boğazında hərbi həll variantlarının olmamasını, həmçinin Konqresdəki fikir ayrılıqlarını və müttəfiqlərin məhdud dəstəyini göstərib.

Rəzai İran Silahlı Qüvvələrinin fəaliyyətinə də toxunaraq bildirib ki, ABŞ-nin qabaqcıl hərbi texnologiyalarına zərbələr endirilib və bunun nəticəsində münaqişənin sonunda İranın beynəlxalq mövqeləri daha da güclənib.

Gələcək danışıqlar ehtimalını şərh edən Rəzai vurğulayıb ki, ABŞ ilə bağlanacaq istənilən saziş hüquqi və texniki baxımdan dəqiq şəkildə formalaşdırılmalıdır. Bu, xüsusilə sanksiyalar rejimi və hərbi mövcudluq məsələlərinə aiddir.

O, nümunə olaraq mümkün saziş imzalandıqdan sonra 30 gün ərzində ABŞ qüvvələrinin İran ətrafındakı regionlardan çıxarılması tələbini göstərib.

Rəzai həmçinin son dövrlərdə əldə olunmuş ABŞ-İran razılaşmasına da toxunub. Onun sözlərinə görə, İranın ali rəhbəri bu sənədin imzalanmasına ölkənin və “müqavimət cəbhəsi”nin maraqlarının nəzərə alınması şərti ilə razılıq verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin