Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq.am” nəşrində dərc olunan məqalədə qeyd edilib.
Məqalədə qeyd olunur ki, Azərbaycan mənbələri Əskipara adının türk dilindəki “əski” və “para” sözlərindən yarandığını, ümumi mənada “köhnə kənd” və ya “köhnə yaşayış məntəqəsi” mənasını verdiyini bildirirlər.
Nəşr yazır ki, Əskiparanın qədim yaşayış məntəqəsi olduğunu kənd və ətraf ərazilərdə qorunub qalmış çoxsaylı tarixi abidələr sübut edir.
“Köhnə Əskiparanın son köçürülməsi 1860-cı illərdə baş verib. Tarixi mənbələrə görə, buna səbəb həmin ərazidə havanın keyfiyyətinin aşağı olması olub. Bununla yanaşı, XIX əsrin sonlarında indiki Əskipara kəndinin iqlimi və havası da əlverişsiz kimi qiymətləndirilib.
Yuxarı və ya Köhnə Əskipara adlandırılan yaşayış məntəqəsinin əvvəllər qeyd edilən Köhnə Əskipara ilə əlaqəsi yoxdur. Bu iki kənd arasında düzxətli məsafə 1,5-2 kilometr təşkil edir və mənbələrdəki təsvirlər də fərqlənir”, - deyə müəllif bildirib.
Müəlliflər daha sonra bölgənin inzibati mənsubiyyəti məsələsinə toxunurlar.
Məqalədə qeyd edilir ki, Rusiya imperiyasının süqutundan sonra Qazax qəzası Ermənistan və Azərbaycan arasında bölüşdürülüb. Ermənistan hissəsində Dilican qəzası yaradılıb. 1921-1922-ci illərdə bu inzibati vahid İcevan qəzası adlandırılıb.
Nəşrin yazdığına görə, hər iki ölkənin sovetləşməsindən sonra erməni və azərbaycanlı yaşayış məntəqələri arasında torpaq mübahisələri geniş yayılmışdı.
“Fakt budur ki, 1926-1928-ci illərə aid sovet xəritələrində Ermənistan ərazisində anklavlar göstərilməyib. Lakin 1939-cu il xəritəsində həm Azərbaycanın əhatəsində qalmış Başkənd, həm də anklava çevrilmiş Yuxarı Əskipara və Sofulu-Bərxudarlı görünür”, - deyə məqalədə vurğulanır.
Nəşr Yuxarı Əskiparanın Əskiparanın tərkib hissəsi kimi təqdim edildiyini də qeyd edir.
“Yuxarı Əskipara, eləcə də 2024-cü ilin yazında həyata keçirilmiş delimitasiya və demarkasiya nəticəsində Azərbaycanın nəzarətinə keçən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycan Respublikasının yaşayış məntəqələri siyahısında ayrıca kəndlər kimi göstərilmir.
Əvəzində həmin siyahıda onların qonşuluğunda yerləşən Abbasbəyli, Alpout, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndləri yer alır və bunlar Alpout bələdiyyəsinin tərkibinə daxil edilir”, - deyə müəllif iddia edib.
Alpər Mövludoğlu
Ordu.az