Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ağrını azaldan, lakin müalicə etməyən yardım: Ermənistanın Avropa gələcəyini hansı reallıqlar gözləyir?” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin başa çatmasından dərhal sonra, müxalifət hələ ilkin hesablamalar apararaq gələcək addımlarını planlaşdırmağa çalışdığı, Rusiya isə seçkilər zamanı qeydə alınmış görünməmiş repressiyalar barədə bəyanatlar verdiyi bir vaxtda Avropa İttifaqı artıq mövqeyini açıqlayıb.
“Avropa İttifaqı bütün siyasi qüvvələri səsvermənin nəticələrinə və demokratik prosedurlara hörmət etməyə, seçki şikayətlərini isə yalnız hüquqi mexanizmlər vasitəsilə həll etməyə çağırıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 14-15-də işgüzar səfərlə Lüksemburqda olub. İyunun 15-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın dəvəti ilə Mirzoyan Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində keçirilən müzakirələrə qatılıb.
Bu, seçkilərdən sonra Mirzoyanın ilk xarici səfəri olub. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, işçi səhər yeməyi formatında keçirilən müzakirələrdə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos, eləcə də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri və nümayəndələri iştirak ediblər”, - deyə müəllif bildirib.
Nəşr yazır ki, Avropa İttifaqının tərəfdaşları Mirzoyanı Ermənistanda keçirilmiş demokratik parlament seçkiləri və “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik ediblər. Bildirilib ki, Avropa İttifaqı və üzv dövlətlər Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının strateji gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsinə və Avropa inteqrasiyasının irəlilədilməsinə siyasi dəstəklərini davam etdirəcəklər.
Məqalədə qeyd olunur ki, Lüksemburqda Mirzoyan Almaniya, Sloveniya, Niderland və İsveçin xarici işlər nazirləri ilə görüşüb. Həmçinin onun Marta Kosla da görüşü baş tutub. Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Ermənistanı dəstəkləməyə hazır olduqlarını bəyan edib.
“Marta Kos “X” sosial şəbəkəsində yazıb ki, Rusiya Ermənistana təzyiqləri davam etdirir və öz təsir imkanlarından istifadə edərək ölkəni son seçkilərdə xalqın etdiyi demokratik seçimdən uzaqlaşdırmağa çalışır. O bildirib ki, Ararat Mirzoyanla görüşüb və Avropa İttifaqına üzv dövlətlərlə Ermənistana gələcək dəstək məsələsini müzakirə edəcək. Kosun sözlərinə görə, Avropa İttifaqı Ermənistana maliyyə yardımı göstərəcək və ölkənin qonşuları, eləcə də Avropa ilə ticarət əlaqələrinin sadələşdirilməsinə kömək edəcək.
Marta Kos iyulun 5-də konkret addımların atılması məqsədilə İrəvana səfər etməyi planlaşdırır. Müəllif qeyd edir ki, Rusiya seçkiqabağı dövrdə Ermənistana qarşı tətbiq etməyə başladığı iqtisadi “sanksiyaları” ticarət məhdudiyyətləri formasında davam etdirdiyi halda, Avropa İttifaqı bu addımların təsirini azaltmağa və Moskvanın siyasətinə qarşı alternativ təqdim etməyə çalışır.
Ermənistan hakimiyyəti seçkilərdən sonra həm daxili, həm də xarici siyasətdə mürəkkəb vəziyyətlə üzləşib. Geosiyasi güc mərkəzləri artıq konkret addımlar və qərarlar gözləyirlər”, - deyə müəllif bildirib.
Məqalədə qeyd olunur ki, Brüssel vaxt itirmədən Ermənistan hakimiyyətinə dəstək göstərməyə çalışdığı halda, Rusiya seçkiqabağı dövrdən başlayan sərt ritorikanı davam etdirir və yeni iqtisadi məhdudiyyətlər tətbiq edir. Bu fonda Ermənistan hakimiyyəti seçkilərdən sonra baş tutacağı gözlənilən Rusiya səfərinə ümid bağlayır.
Müəllif yazır ki, Nikol Paşinyan seçkilərdən sonra Kremlin yeni siyasi reallıqları qəbul etdiyini göstərən siqnal gözləyir.
“Belə bir siqnal Ermənistan və Rusiya arasında yaranmış ciddi iqtisadi problemlərin müzakirəsinə imkan yarada bilər. Lakin Moskvanın davam edən susqunluğu və sərt bəyanatları göstərir ki, Rusiya hələlik seçkilərin legitimliyini tanımağa tələsmir.
Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlər artıq Ermənistan istehsalçılarına ciddi zərbələr vurmağa başlayıb. Alternativ ixrac istiqamətlərinin mövcudluğu barədə açıqlamalar verilsə də, qısa müddət ərzində Rusiya bazarına çıxışı bağlanan məhsullar üçün yeni bazarların tapılması və ya hökumət tərəfindən tam kompensasiyanın təmin edilməsi mümkün deyil.
Avropa tərəfinin tələsik addımları da məhz bununla bağlıdır. Marta Kosun gözlənilən səfəri və maliyyə yardımı vədləri təsadüfi deyil. Avropa İttifaqında anlayırlar ki, İrəvana operativ dəstək göstərilməzsə, Moskvanın iqtisadi təzyiq siyasəti Ermənistan hakimiyyətinin xarici siyasət kursuna təsir göstərə bilər.
Ermənistan hakimiyyəti ölkənin müstəqilliyini iqtisadi maraqlar qarşılığında güzəştə getməyəcəyini bildirsə də, onilliklər ərzində formalaşmış iqtisadi və enerji asılılığını bir neçə gün ərzində dəyişmək mümkün deyil. Moskva hazırda bu asılılıqdan siyasi təsir vasitəsi kimi istifadə edir”, - deyə məqalədə vurğulanıb.
Yazının sonunda qeyd edilir ki, Marta Kosun səfəri və sürətli maliyyə yardımı ilə bağlı vədlər yalnız ağrını azaldan, lakin problemi aradan qaldırmayan vasitə rolunu oynaya bilər.
“Brüsselin təklif etdiyi “təhlükəsizlik yastıqları” vəziyyəti müvəqqəti sabitləşdirə bilər, lakin onlar Ermənistanın üzləşdiyi dərin sistemli problemləri və uzun illər ərzində formalaşmış asılılıqları aradan qaldırmağa qadir deyil. Bu maliyyə “ilk yardımı” Ermənistan məhsulları üçün real bazarları əvəz edə və ya enerji sisteminin coğrafiyasını qısa müddətdə dəyişdirə bilməz”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az