Ordu.az xəbər verir ki, Pentaqon ABŞ-də yeni nadir torpaq elementlərinin ayrılması və metallurgiyası müəssisəsinin yaradılmasını dəstəkləmək məqsədilə “Energy Fuels” şirkəti ilə 725 milyon dollarlıq şərti kredit müqaviləsi bağlayıb.
Uran istehsalı üzrə ixtisaslaşmış Denver mərkəzli şirkət bu vəsait hesabına istehsal güclərini genişləndirməyi planlaşdırır.
“Breaking Defense” nəşrinin məlumatına görə, layihə ABŞ sənaye bazasında daimi maqnit istehsalı müəssisələrinin fəaliyyətini dəstəkləyəcək və müdafiə sənayesi üçün vacib olan digər təchizat zəncirlərini gücləndirəcək.
Müqavilədə kreditin yekun maliyyələşdirilməsinə keçid üçün maliyyə, hüquqi və texniki yoxlamalar daxil olmaqla əlavə tələblərin yerinə yetirilməsi də nəzərdə tutulur.
“Energy Fuels” ayrıca açıqlamasında bildirib ki, vəsait Yuta ştatındakı “White Mesa” zavodunun mövcud emal imkanlarının genişləndirilməsinə və hələ açıqlanmayan ərazidə yeni nadir torpaq metalları və ərintiləri müəssisəsinin qurulmasına sərf ediləcək.
Şirkət kreditin geri ödənilməsi üçün 20 il vaxt ayrıldığını qeyd edib. Bununla yanaşı, ABŞ Müharibə Nazirliyi “Phoenix Tailings” şirkəti ilə də 500 milyon dollarlıq şərti kredit müqaviləsi imzalayıb.
Bu vəsait “Freedom Facility” adlı yeni müəssisənin yaradılmasına yönəldiləcək. Şirkət həmin obyektin 2028-ci ilədək istifadəyə verilməsini planlaşdırır. Yeni müəssisədə həm yüngül, həm də ağır nadir torpaq minerallarının emalı həyata keçiriləcək.
Məlumata görə, ikinci Tramp administrasiyasının bu təşəbbüsü döyüş təyyarələrindən yüksək dəqiqlikli sursatlara qədər müxtəlif müasir silah sistemlərinin istehsalında istifadə olunan strateji xammalın tədarükünü təmin etmək məqsədi daşıyır.
ABŞ Müharibə Nazirliyinin Sənaye Bazası Siyasəti üzrə nazir müavininin köməkçisi Maykl Kadenatsi bildirib ki, bu investisiyalar zərurətdən irəli gəlir.
“Silah istehsalının genişləndirilməsini nə qədər planlaşdırsanız da, əlinizdə germanium, qallium və nadir torpaq elementləri yoxdursa, bu yalnız xəyal olaraq qalacaq”, - deyə Kadenatsi vurğulayıb.
Onun sözlərinə görə, Ağ Evdən başlayaraq bütün dövlət strukturları bu sahədə böyükmiqyaslı həll yollarının tapılmasına xüsusi diqqət yetirirlər.
Sevinc Əliyeva
Ordu.az