Mehmet Fatih Kacır “Eurosatory 2026” sərgisində Türkiyə şirkətlərinin stendlərini ziyarət edib

2026/06/1781810321.jpg
Oxunub: 230     23:17     18 İyun 2026    
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Parisdə keçirilən “Eurosatory 2026” sərgisində Türkiyə müdafiə sənayesi şirkətlərinin stendlərini ziyarət edib.

Ordu.az xəbər verir ki, nazir əvvəlcə mülki texnologiyalara həsr olunmuş “VivaTech 2026” tədbirində iştirak edib, daha sonra isə “Eurosatory 2026” sərgisinə qatılıb.

Kacır sərgi çərçivəsində Türkiyənin müdafiə sənayesində hazırlanan yerli sistemlərlə tanış olub, xarici nümayəndə heyətlərinin və iştirakçıların Türkiyə istehsalı hərbi texnologiyalara göstərdiyi marağı yaxından izləyib.

Nazir səfər zamanı müdafiə sənayesi nümayəndələri ilə görüşərək beynəlxalq bazarda ən çox maraq göstərilən Türkiyə platformaları barədə məlumat alıb və Türkiyənin hərbi texnologiyalar sahəsindəki strateji potensialını vurğulayıb.

“Eurosatory 2026” sərgisində Mehmet Fatih Kacır “Otokar”ın AKREP II zirehli maşını, həmçinin müxtəlif müdafiə sistemləri ilə tanış olub.

Paris proqramı çərçivəsində nazir “VivaTech 2026” sərgisində də iştirak edərək Fransanın nüvə enerji şirkəti “Framatome” və Fransa İnkişaf Agentliyinin rəhbər şəxsləri ilə görüş keçirib.

Görüşlər zamanı Türkiyənin elmi-tədqiqat və inkişaf ekosistemi, eləcə də texnoloji imkanları barədə təqdimatlar edilib.

Mehmet Fatih Kacır bildirib ki, yeni Süni Zəka Fəaliyyət Planı çərçivəsində 2030-cu ilədək 5 milyon vətəndaşa süni zəka savadlılığı təlimləri veriləcək.

Nazirin sözlərinə görə, 2030-cu ilədək 100 min mütəxəssis hazırlanması və türk dilində Böyük Dil Modeli layihələrinin sürətləndirilməsi də əsas hədəflər sırasındadır.

Kacır həmçinin HIT-30 Yüksək Texnologiyalar İnvestisiya Proqramının xaricdə ilk təqdimatının Parisdə keçirildiyini açıqlayıb.

O qeyd edib ki, yarımkeçiricilər, mobillik, yaşıl enerji, rabitə və kosmik texnologiyalar kimi prioritet sahələrə investisiya yatıracaq Fransa şirkətlərinə dövlət təşviqləri, bazar inkişaf imkanları və maliyyə dəstəyi təqdim ediləcək.

Nazir çıxışının sonunda beynəlxalq investorları Türkiyəni regional inkişaf və əməkdaşlıq mərkəzi kimi qiymətləndirməyə və gələcəyin texnologiyalarının formalaşdırılmasında birgə iştirak etməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kacır   Türkiyə   Eurosatory-2026  


Bizi "telegram"da izləyin