Diasporla İş üzrə Dövlət Komitəsinin Serbiya üzrə koordinatoru seçilib

2026/06/Ekran-1781810533.jpg
Oxunub: 175     23:09     18 İyun 2026    
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Serbiyadakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, görüş komitə ilə Serbiyanın Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Bu çərçivədə Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı mərkəzin fəaliyyəti barədə icma üzvlərinə qısa məlumat verib. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin müdiri Leyla Həmzəyeva komitənin fəaliyyəti barədə danışıb.

O bildirib ki, komitə tərəfindən mütəmadi olaraq xaricdə yaşayan azərbaycanlılarla koordinasiya şuraları vasitəsilə əlaqə yaradılır:

"Hazırda biz 70-dən çox ölkə ilə işləyirik və bu ölkələrdə 500-ə qədər diaspor təşkilatımız var və onların hər biri ilə individual olaraq əlaqə saxlamaq fiziki cəhətdən çox çətindir. Bu baxımdan hər bir ölkə üzrə koordinatorlarımızın olması daha arzuolunandır ki, məhz həmin koordinatorlar vasitəsilə işləyək. Məsələn, Almaniyada qeydiyyatdan keçən 53 təşkilat var və hər bir təşkilatla ayrılıqda işləmək kifayət qədər çətin olar. Ona görə də onlarla biz Almaniya Azərbaycanlıları Alyansı vasitəsilə əlaqə saxlayırıq. Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq xaricdə yaşayan azərbaycanlılarla Komitə arasında koordinasiyanı həyata keçirən şuraların yaradılmasında maraqlıdır. Bu çərçivədə 44 ölkəni əhatə edən 16 koordinasiya şuramız var. Onlar icmamızın aktiv olduğu ölkələrdə fəaliyyət göstərirlər. Bu gün isə sizlərlə birlikdə Serbiya üzrə koordinatorumuzu seçəcəyik".

L.Həmzəyeva icma üzvlərinə mütəmadi olaraq komitə tərəfindən keçirilən tədbirlər barədə də məlumat verib.

"2022-ci ildə Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Hər beş ildən bir keçirilən bu qurultayın növbətisi 2027-ci ildə baş tutacaq. Həmçinin komitə tərəfindən hər il diaspor gəncləri üçün yay düşərgəsi təşkil olunur, 29 yaşa qədər hər kəs bu düşərgədə iştirak üçün komitənin vebsaytına daxil olaraq müraciət edə bilər",-deyə o qeyd edib.

Komitə rəsmisi Azərbaycan Diasporuna Dəstək Fondu vasitəsilə xaricdə yaşayan azərbaycanlılara dəstəyin göstərilmə mexanizmi barədə də danışıb. O bildirib ki, xaricdə ölkə üçün əhəmiyyətli layihələrin həyata keçirilməsində maraqlı olan şəxslər bu layihələri və icra mexanizmlərini komitəyə rəsmi şəkildə təqdim etməklə dəstək ala bilərlər.

Bununla yanaşı, həyatını itirən azərbaycanlıların ölkəyə gətirilməsi məsələsinə də diqqət çəkən L.Həmzəyeva komitənin bu istiqamətdə üç min manata qədər dəstək göstərdiyini, lakin bununla bağlı müraciətin də dərhal sistem üzərindən həyata keçirilməli olduğunu vurğulayıb.

Daha sonra Leyla Həmzəyeva 2022-ci ildə vəfat etmiş Azərbaycan Mədəniyyət Mərkəzinin mərhum rəhbəri Zərifə Əlizadənin "Diaspor fəaliyyətində xidmətinə görə" medalını onun qızı Mina Ristiç Yoniçə təqdim edib.

Tədbirin rəsmi hissəsinin sonunda icma üzvlərinin səsverməsi ilə Günel Babanlı Şərqi Avropada yaşayan azərbaycanlıların Serbiya üzrə koordinatoru seçilib. Yekunda icma üzvləri üçün musiqi proqramı təşkil olunub. Məşhur serb opera ifaçısı Yasmina Trumbetaş "Ey əziz anam" və "Koroğlu" operasından Nigarın ariyasını ifa edib.

Daha sonra Azərbaycan xalq mahnısı "Sarı gəlin" ifa olunub. Əsər skripkada Katarina Nenadoviç, fortepianoda isə Mina Ristiç Yoniç tərəfindən müşayiət olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Diaspor   Komitə   Serbiya  


Bizi "telegram"da izləyin