Ordu.az xəbər verir ki, sistem müasir döyüş meydanının tələblərinə uyğun olaraq hazırlanıb.
MKE mühəndisləri tərəfindən yaradılan Mobil Araç Platformu MAP DUAL PMT-76 platforma pulemyotu ilə inteqrasiya edilərək sınaqdan keçirilib. Sınaqlar zamanı sistem yüksək performans nümayiş etdirib.
MAP DUAL müxtəlif silah sistemlərini vahid platformada istifadə etmək imkanı ilə diqqət çəkir.
Platforma quru nəqliyyat vasitələrində, dəniz platformalarında və sabit müdafiə mövqelərində istifadə olunmaq üçün hazırlanıb. Modul arxitekturası sayəsində müxtəlif tapşırıqlara qısa müddətdə uyğunlaşdırıla bilir.
Sistem əlavə avadanlığa ehtiyac olmadan müxtəlif silah sistemləri arasında keçid etməyə imkan verir ki, bu da onun əməliyyat çevikliyini artırır.
Yüksək hərəkət imkanları ilə seçilən MAP DUAL 360 dərəcə dönmə qabiliyyətinə və geniş atəş sektoruna malikdir. Bu xüsusiyyətlər müxtəlif istiqamətlərdən gələn təhdidlərə qarşı effektiv istifadə imkanı yaradır.
Geri təpməyə nəzarət sistemləri ilə təchiz edilən platforma hərəkətdə olan nəqliyyat vasitələrində belə sabit atəş dəqiqliyi təmin edir.
Sistem müxtəlif pulemyotlar və avtomatik qumbaraatanlarla uyğun şəkildə fəaliyyət göstərə bilir. MAP DUAL-un əsas üstünlüklərindən biri eyni anda iki pulemyotla fəaliyyət göstərə bilməsidir.
PMT-76 ilə keçirilən sınaqlarda ikili silah istifadəsi uğurla nümayiş etdirilib. Eyni vaxtda iki pulemyotdan atəş açmaq imkanı hədəfə yönələn sursat miqdarını və atəş sıxlığını əhəmiyyətli dərəcədə artırır.
Bu imkan xüsusilə intensiv atəş dəstəyi tələb edən əməliyyatlarda istifadəçilərə mühüm üstünlüklər qazandıracaq.
MAP DUAL-un sərhəd təhlükəsizliyi, baza ərazilərinin müdafiəsi, strateji obyektlərin qorunması və sahil təhlükəsizliyi tapşırıqlarında istifadə olunması planlaşdırılır.
Müxtəlif tapşırıqları vahid platforma üzərindən yerinə yetirməyə imkan verən sistem MKE-nin milli müdafiə həlləri sırasında yeni alternativ kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az