"Azərbaycan geniş regionun enerji təhlükəsizliyində əsas rol oynayır" - Nazir müavini

2025/09/1758085450.jpg
Oxunub: 193     14:59     17 İyun 2026    
Azərbaycan geniş regionun enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor üzrə 14-cü Forumu çərçivəsində bildirib.

“Azərbaycan Cənubi Qafqaz, Türkiyə, Avropa, Yaxın Şərq və Mərkəzi Asiya daxil olmaqla geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. Ölkə artıq 30 ildir dünya bazarlarına etibarlı neft və təbii qaz tədarükçüsü olaraq qalır. Azərbaycan 25 ölkəyə xam neft, dünyanın 16 ölkəsinə isə təbii qaz tədarük edir. Təbii qaz idxal edən ölkələr arasında 11-i NATO, 10-u isə Avropa İttifaqının üzvüdür. Bu gün Avropa İttifaqı təbii qazın təxminən 7 faizini Azərbaycandan alır. Karbohidrogenlər ölkənin enerji balansının əsas elementi olaraq qalır və öz əhəmiyyətini qoruyacaq”, — deyə o bildirib.

O.Zeynalov eyni zamanda enerji təhlükəsizliyini və ənənəvi enerji sektorunda investisiya sabitliyini təmin edən balanslaşdırılmış enerji keçidi siyasətinin zəruriliyini qeyd edib.

“Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionu vahid, qarşılıqlı əlaqəli geosiyasi və iqtisadi məkan formalaşdırır. Enerji bağlantısı regionun inkişafının əsas amilidir”, — deyə nazir müavini bildirib.

O, Şərq və Qərb arasında əlaqənin təmin olunmasında Orta Dəhliz və Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayıb.

“Hörmüz boğazı ətrafında baş verən son hadisələr enerji resurslarının tədarükü üçün alternativ marşrutların əhəmiyyətini bir daha təsdiqlədi. Son 30 ildə karbohidrogenlərin qlobal enerji balansındakı payı ciddi dəyişməyib. Bu gün əsas bazarlarda həmin göstərici hələ də 70 faizdən 90 faizə qədərdir. Bərpa olunan enerji mənbələri ənənəvi mənbələri əvəz etmir, onları tamamlayır”, — deyə nazir müavini əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Orxan-Zeynalov  


Bizi "telegram"da izləyin