G7 Ukraynaya hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlərin tədarükünü artıracaq

2026/06/1781247969.jpg
Oxunub: 246     12:36     17 İyun 2026    
“Böyük Yeddilik” ölkələrinin liderləri Ukraynaya hava hücumundan müdafiə sistemləri, raket əleyhinə vasitələr və uzaqmənzilli silahların tədarükünün artırılması barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin yekununda qəbul edilən birgə bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, iştirakçı ölkələr Ukraynaya təqdim olunan hava hücumundan müdafiə sistemlərinin, raket əleyhinə vasitələrin və uzaqmənzilli silahların sayını artıracaqlar. Həmçinin Kiyevə bu silahların bir hissəsinin Ukrayna ərazisində istehsalı üçün lisenziyaların verilməsi imkanına da baxılacaq.

Liderlər qarşıdan gələn qış mövsümü ərəfəsində Ukraynanın enerji dayanıqlığının gücləndirilməsinə dəstək göstərmək barədə də razılığa gəliblər.

Bəyanatda Ukrayna xalqı ilə həmrəylik ifadə olunub, Rusiyanın kritik infrastruktura və mədəni irs obyektlərinə müntəzəm zərbələri pislənib. Eyni zamanda Ukrayna ordusunun dözümlülüyü və döyüş meydanında yaranan “yeni dinamika” xüsusi vurğulanıb.

G7 ölkələri Rusiyaya təzyiqin artırılması, xüsusilə neft-qaz sektoruna yönəlmiş məhdudiyyətlərin sərtləşdirilməsi barədə də öhdəlik götürüblər. Sammit iştirakçıları əlavə sanksiyaların tətbiqi üçün hazırkı dövrün əlverişli olduğunu bildiriblər.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə ABŞ-yə müraciət edərək “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsal lisenziyalarının Ukraynaya verilməsini xahiş etmişdi. O bildirib ki, Rusiyanın davamlı ballistik raket hücumları şəraitində ölkədə raket əleyhinə vasitələrin ciddi çatışmazlığı mövcuddur və ABŞ istehsal gücləri qlobal tələbatı tam qarşılaya bilmir.

2026-cı il iyunun 16-da G7 sammiti çərçivəsində Zelenski ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirib və Vaşinqtondan “Patriot” sistemləri və onlar üçün raketlərin istehsal lisenziyalarının verilməsini istəyib. Ukrayna prezidentinin sözlərinə görə, Tramp bu təşəbbüsə müsbət yanaşıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Ukrayna  


Bizi "telegram"da izləyin