Erməni siyasi şərhçi: “Ermənistan sabit avtoritarizmin formalaşdığı təhlükəli yolla irəliləyir”

2026/06/1781682221.jpg
Oxunub: 272     11:40     17 İyun 2026    
“Macarıstan avtoritarizmə gedən qapını bağlayır, Ermənistan isə açır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Suren Surenyants yazıb.

O qeyd edib ki, Macarıstan parlamenti baş nazirin vəzifədə qalma müddətinin maksimum iki müddət olmaqla səkkiz il ilə məhdudlaşdırılmasını nəzərdə tutan konstitusiya dəyişikliklərini təsdiqləyib.

“Bu qərar xüsusilə diqqətəlayiqdir, çünki söhbət parlament idarəetmə sistemindən gedir. Prezident üsul-idarəsinə malik ölkələrdən fərqli olaraq, burada vəzifə müddətinin məhdudlaşdırılması uzun illərdir demokratik standart hesab olunur. Parlament respublikalarının əksəriyyətində isə belə bir institut mövcud deyil.

Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya və digər Avropa demokratiyalarında baş nazir parlament çoxluğunun etimadını qoruduğu müddətdə vəzifədə qala bilir. Bu yanaşmanın əsasında parlamentin, çoxpartiyalı sistemin, siyasi rəqabətin və əks-çəki mexanizmlərinin hakimiyyətin həddindən artıq mərkəzləşməsinin qarşısını almaq üçün kifayət etdiyi məntiqi dayanır”, - deyə Surenyants bildirib.

Onun sözlərinə görə, Macarıstanın qərarı göstərir ki, XXI əsrdə avtoritarizm yalnız konstitusiyaların pozulması və ya seçkilərin ləğvi yolu ilə deyil, seçki prosedurlarının formal şəkildə qorunduğu şəraitdə də formalaşa bilər.

“Eyni siyasi qüvvə və ya lider uzun illər dövlət sisteminə nəzarət etdikdə siyasi rəqabət, institusional əks-çəki mexanizmləri və hakimiyyətin dəyişməsi mədəniyyəti tədricən zəifləyir.

Məhz buna görə də Macarıstanın yeni qərarını demokratiyanın institusional özünümüdafiə vasitəsi kimi qiymətləndirmək olar. Bu qərarın məqsədi seçki legitimliyi şəraitində belə bir şəxsin və ya siyasi qrupun həddindən artıq uzun müddət hökmranlığının qarşısını almaqdır. Lakin yalnız müddət məhdudiyyəti kifayət deyil. Daha vacib amillər müstəqil məhkəmələr, azad media, real siyasi rəqabət və hakimiyyətin dəyişməsi mədəniyyətidir”, - deyə o vurğulayıb.

Surenyants hesab edir ki, Ermənistanda siyasi proseslər əks istiqamətdə inkişaf edir.

“Son illərdə Ermənistanda demokratik əks-çəki mexanizmləri ardıcıl şəkildə zəifləyib. Parlament faktiki olaraq Nikol Paşinyanın tam nəzarəti altına keçib, məhkəmə və hüquq-mühafizə sistemləri siyasi hesablaşma alətinə çevrilib, siyasi müstəvidə isə qarşıdurma mühiti formalaşıb.

Hakimiyyət getdikcə daha çox dövlətlə eyniləşdirilir, siyasi rəqiblər isə təhlükə kimi təqdim olunur.

Bu, açıq diktatura olmadan sabit avtoritarizmin formalaşdığı yoldur. Demokratik institutlar formal olaraq qalır, lakin tədricən məzmununu itirir. Ermənistanda hakimiyyətin mərkəzləşdirilməsi və şəxsi hakimiyyətin möhkəmləndirilməsi prosesi davam edir. Ermənistan sabit avtoritarizmin formalaşdığı təhlükəli yolla irəliləyir”, - deyə Surenyants bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Surenyants  


Bizi "telegram"da izləyin