Rəşad Həsənov: "Azərbaycanı texnologiya şirkətləri qurmaq üçün cəlbedici ölkəyə çevirmək istəyirik"

2026/06/1781696294.jpg
Oxunub: 137     15:11     17 İyun 2026    
2026–2028-ci illər üzrə Rəqəmsal İnkişafın Sürətləndirilməsi Fəaliyyət Planının mərkəzində duran əsas məqsədlərdən biri Azərbaycanı texnologiya şirkətlərinin qurulması, maliyyələşdirilməsi və inkişaf etdirilməsi üçün regionun ən cəlbedici ölkələrindən birinə çevirməkdən ibarətdir.

Ordu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "Kraudfandinq haqqında", eləcə də bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu məqsədə nail olmaq üçün ilk növbədə mövcud problemləri aradan qaldırmalıyıq. Bu gün gənc innovativ şirkətlərin istifadə etdiyi bir çox maliyyələşmə alətləri Azərbaycan qanunvericiliyində ya mövcud deyil, ya da hüquqi statusu qeyri-müəyyəndir. Vençur kapitalı fondlarının fəaliyyəti üçün tam hüquqi çərçivə formalaşmayıb. Kraudfandinq mexanizmi mövcud deyil. Startapların istedadlı əməkdaşları şirkətə bağlamaq üçün istifadə etdiyi işçilərə şirkət payı verməsi hüquqi baxımdan tənzimlənmir. İnnovativ şirkətlərin maliyyələşməsində geniş istifadə olunan SAFE (Simmple Agreement For Future Equity) və konvertasiya olunan borc kimi alətlər qanunvericilikdə tanınmır. Nəticədə sahibkarlar və investorlar çox zaman xarici yurisdiksiyalara müraciət etməyə məcbur olurlar. Biz isə istəyirik ki, Azərbaycan sahibkarı şirkətini xaricdə deyil, Azərbaycanda qursun. İnvestor müqaviləsini xarici hüquqa deyil, Azərbaycan hüququna etibar edərək bağlasın",- deyə o qeyd edib.

Nazir müavini deyib ki, qanunvericilkdə dəyişiklik edilməsi ilə bağlı paket üç əsas istiqaməti əhatə edir: "Birinci istiqamət vençur kapitalı və kraudfandinq ekosisteminin yaradılması ilə bağlıdır. Bu gün innovativ şirkətlərin qarşılaşdığı ən böyük problemlərdən biri maliyyəyə çıxışdır. Azərbaycanlı startapın parlaq ideyası, işlək məhsulu, hətta qeydiyyatdan keçmiş əqli mülkiyyəti ola bilər. Lakin inkişaf üçün zəruri maliyyə tapılmadıqda, bütün bu potensial reallaşdırılmadan qala bilər. Bankların kreditləri hər zaman innovasiya və texnologiya layihələrinin maliyyələşdirilməsi üçün uyğun mexanizm olmur. Çünki yeni texnologiya şirkətlərinin əksəriyyətinin girov qoyacaq aktivləri, uzunmüddətli maliyyə tarixçəsi və ya sabit gəlirləri olmur. Qrantlar isə müəyyən mərhələdə faydalı olsa da, şirkətin davamlı böyüməsini maliyyələşdirə bilmir. Məhz burada çatışmayan element şirkətin böyümə potensialına inanaraq onun inkişafına sərmayə yatıran maliyyə mexanizmidir.

Dünyanın aparıcı innovasiya mərkəzlərində bu rolu vençur kapitalı fondları və kraudfandinq platformaları yerinə yetirir. Azərbaycanda isə bu sahənin inkişafı üçün indiyədək tam və müasir hüquqi çərçivə formalaşmayıb. Təklif etdiyimiz dəyişikliklərin məqsədi məhz bu boşluğu aradan qaldırmaqdır. Bu paketlə vençur kapitalı fondlarının fəaliyyəti üçün aydın hüquqi çərçivə yaradılır. Eyni zamanda kraudfandinq fəaliyyətinin qanunvericilik səviyyəsində tənzimlənməsi təmin olunur. Bununla yanaşı investorların hüquqlarının qorunması üçün ciddi təhlükəsizlik mexanizmləri tətbiq edilir. Azərbaycan Mərkəzi Bankı nəzarət həyata keçirəcək, bazarın etibarlı inkişafı üçün zəruri qaydalar formalaşdıracaq və investor müdafiəsini təmin edəcək".

Onun sözlərinə görə, ikinci istiqamət innovasiya maliyyələşməsinin hüquqi əsaslarının yaradılmasıdır: "Bu gün Azərbaycanda innovativ şirkətin ilkin investisiya cəlb etməsi üçün beynəlxalq təcrübədə istifadə olunan aydın və çevik hüquqi mexanizmlər mövcud deyil. Mövcud korporativ və maliyyə münasibətləri daha çox ənənəvi biznes modelləri üçün formalaşdırılıb. Halbuki startaplar fərqli prinsiplərlə fəaliyyət göstərirlər. Şirkət hələ inkişafın ilkin mərhələsində olduqda, onun dəqiq bazar dəyərini müəyyən etmək çətin olur. Bu səbəbdən investor da, təsisçi də gələcək inkişaf imkanlarını nəzərə alan daha çevik alətlərə ehtiyac duyur.

Dünyanın aparıcı innovasiya mərkəzlərində bu problem uzun illər əvvəl həll olunub və innovasiya maliyyələşməsinin standart alətləri formalaşıb. Azərbaycanda isə bu alətlərin bir hissəsi praktikada istifadə olunsa da, onların hüquqi statusu aydın müəyyən edilməyib. Bu isə həm sahibkarlar, həm də investorlar üçün əlavə hüquqi qeyri-müəyyənlik yaradır. Təklif etdiyimiz qanunvericilik paketi məhz bu boşluğu aradan qaldırır. Bu paketlə ilk dəfə olaraq SAFE müqavilələri, konvertasiya olunan borc mexanizmləri, işçilərin pay iştirakı proqramları – ESOP sistemi və korporativ müqavilələr Azərbaycan qanunvericiliyində təsbit edilir. Bu alətlər sahibkarlara daha sürətli və daha çevik şəkildə maliyyə cəlb etməyə imkan verəcək. İnvestorların hüquqları daha etibarlı qorunacaq. Şirkətlər isə istedadlı əməkdaşları öz inkişafına ortaq etməklə onları daha uzun müddət komandalarında saxlaya biləcəklər".

"Üçüncü istiqamət istiqamət isə innovasiya fəaliyyətinin təşviqidir. Texnologiya sektorunun digər sahələrdən mühüm fərqi ondan ibarətdir ki, burada həm kapital, həm də insan resursları son dərəcə mobildir. İnvestor sərmayəsini bir neçə gün ərzində başqa ölkəyə yönəldə bilər. Yüksək ixtisaslı proqramçı, mühəndis və ya tədqiqatçı isə dünyanın istənilən nöqtəsində fəaliyyət göstərə bilər. Belə bir şəraitdə ölkələr artıq yalnız öz resurslarını qorumaq üçün deyil, eyni zamanda qlobal kapital və istedad uğrunda rəqabət aparırlar. Bizim məqsədimiz də yalnız istedadlarımızı və investisiyalarımızı itirməmək deyil. Məqsədimiz Azərbaycanı həm yerli, həm də xarici texnologiya şirkətləri, investorlar və yüksəkixtisaslı mütəxəssislər üçün cəlbedici məkana çevirməkdir. Lakin bu gün mövcud vergi, miqrasiya və dövlət satınalmaları qaydaları texnologiya şirkətinə Azərbaycanda fəaliyyət qurmaq, inve stisiya yatırmaq və ya mütəxəssis işə götürmək üçün kifayət qədər stimul yaratmır.

Nəticədə biz təkcə regional mərkəzlərlə deyil, qlobal miqyasda istedad və kapital uğrunda rəqabət aparmalı oluruq. Təqdim etdiyimiz qanunvericilik paketi məhz bu rəqabətdə Azərbaycanın mövqeyini gücləndirməyə xidmət edir. Daha konkret desək, bu istiqamətdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsullarının hazırlanması və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şəxslər üçün uzunmüddətli vergi və gömrük təşviqləri tətbiq olunur. Yüksəkixtisaslı mütəxəssislər, tədqiqatçılar, ölkəyə qayıdan peşəkarlar və rəqəmsal səyyahlar üçün yeni imkanlar yaradılır. Elmi-tədqiqata yönələn investisiyalar əlavə stimullaşdırılır. Bulud xidmətləri və digər rəqəmsal texnologiyalardan istifadəni təşviq edən mexanizmlər tətbiq edilir. Dövlət satınalmalarında innovativ məhsulların iştirakını artıran yeni alətlər yaradılır. Bütün bunların məqsədi texnologiya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsini daha sərfəli və daha cəlbedici etməkdir",- deyə R.Həsənov əlavə edib.

Onun sözlərinə görə, bu paketdən faydalananlar yalnız startaplar deyil: "Buraya innovativ sahibkarlar, investorlar, vençur fondları, kraudfandinq platformaları, yüksəkixtisaslı mütəxəssislər, rəqəmsal səyyahlar, universitetlər, elmi-tədqiqat institutları, dövlət qurumları və nəticə etibarilə innovativ xidmətlərdən istifadə edən bütün vətəndaşlarımız daxildir. Qeyd etdiyim kimi, bu dəyişikliklərin nəticəsində biz gözləyirik ki, yerli və xarici investorlar Azərbaycan innovasiya bazarına daha çox vəsait yönəltsinlər. Biz gözləyirik ki, beynəlxalq texnologiya şirkətləri Azərbaycanı yalnız bazar kimi deyil, regional fəaliyyət və innovasiya mərkəzi kimi qiymətləndirsin. Bu dəyişikliklər hazırda xaricdə və ya qeyri-rəsmi şəkildə həyata keçirilən fəaliyyətlərin Azərbaycan qanunvericiliyi çərçivəsində tənzimlənməsinə imkan yaradır. İnanıram ki, Milli Məclisin dəstəyi ilə bu islahatlar Azərbaycanın regionun aparıcı texnologiya və innovasiya mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Texnologiya  


Bizi "telegram"da izləyin