Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Nəşrin məlumatına görə, üç aydan artıq davam edən bombardmanlar və blokadadan sonra ABŞ ilə İran yenidən başlanğıc nöqtəsinə qayıdıb. Tərəflər Tehranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı mürəkkəb danışıqlara hazırlaşırlar.
Məqalədə qeyd olunur ki, İran nümayəndələri bu dəfə danışıqlar masasına daha böyük təcrübə ilə əyləşəcəklər. Onlar artıq ABŞ-nin tətbiq edə biləcəyi ən sərt təzyiqlərə müqavimət göstərə bildiklərinə inanırlar.
Qəzet yazır ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu bombardmanlardan sonra Tehranın ciddi güzəştlərə gedəcəyini gözləsələr də, hadisələr fərqli inkişaf edib. Əksinə, İran öz mövqelərini daha da möhkəmləndirib və Hörmüz boğazına nəzarəti sayəsində əlavə təsir rıçaqları əldə edib.
İsrailin Reyxman Universitetinin İran üzrə eksperti Meir Cavedənfar bildirib ki, İran bu müharibədən qalib əhvali-ruhiyyəsi ilə çıxır.
“Onlar Hörmüz boğazına nəzarət edirlər və hərbi baxımdan heç kim onları geri çəkilməyə məcbur edə bilmədi”, - deyə ekspert vurğulayıb.
Məqalədə qeyd olunur ki, müharibə ABŞ hərbi gücünün müəyyən məhdudiyyətlərini də üzə çıxarıb və bu, Vaşinqtonun gələcək nüvə danışıqlarında Tehrana təzyiq imkanlarını zəiflədib.
“Gulf International Forum” analitik mərkəzinin direktoru Daniya Tafer bildirib ki, tərəflər faktiki olaraq müharibədən əvvəlki mərhələyə qayıdıblar, lakin artıq ABŞ əvvəlki təsir imkanlarına malik deyil.
Onun sözlərinə görə, İran hesab edir ki, ən çətin mərhələ artıq geridə qalıb və bundan sonra itirəcək və ya qorxacaq bir şeyi yoxdur.
Sevinc Əliyeva
Ordu.az