ABŞ ordusu Almaniyanın HX-2 “gəzən sursat” sistemini sınaqdan keçirib

2026/06/armay-1781695394.jpg
Oxunub: 211     15:21     17 İyun 2026    
ABŞ ordusu Litvada keçirilən “Project Flytrap” təlimi çərçivəsində Almaniyanın “Helsing” şirkəti tərəfindən hazırlanmış HX-2 “gəzən sursat” sistemini sınaqdan keçirib.

Ordu.az “Axios” nəşrinə istinadən xəbər verir ki, bu sınaqlar ABŞ ordusunun sistemin imkanlarını qiymətləndirdiyi ilk nümunələrdən biri hesab olunur.

Bildirilib ki, HX-2 bundan əvvəl Ukraynadakı döyüş şəraitində də istifadə olunub.

Təlim Litvanın Pabrade poliqonunda keçirilib və əsas diqqət insansız sistemlərə, eləcə də Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı mübarizə texnologiyalarına yönəldilib.

ABŞ ordusunun açıqladığı məlumatlara görə, sınaqlar zamanı istifadə edilən 17 HX-2 sistemi ilə 15 uğurlu hədəf məhvetməsi həyata keçirilib. Qalan iki uçuş isə hədəfə çox yaxın dəqiqliklə nəticələnib.

Təlim çərçivəsində müxtəlif insansız hava sistemləri ilə ümumilikdə təxminən 200 uçuş yerinə yetirilib.

“Helsing” tərəfindən hazırlanan HX-2 sistemi intensiv radioelektron mübarizə şəraitində belə hədəfləri aşkar edib izləyə bilən süni zəka əsaslı texnologiyalarla təchiz olunub. Bundan əlavə, sistem GPS siqnalının olmadığı mühitlərdə də fəaliyyət göstərə bilir.

İstehsalçı şirkətin məlumatına görə, HX-2 100 kilometrədək uçuş məsafəsinə malikdir və saatda 200 kilometrdən artıq sürət yığa bilir. Təxminən 12 kiloqram ağırlığında olan sistemin 4 kiloqramı faydalı yük üçün nəzərdə tutulub.

Hazırlayıcılar bildirirlər ki, bir neçə HX-2 eyni vaxtda bir operator tərəfindən idarə olunan koordinasiyalı sürü konsepsiyası çərçivəsində fəaliyyət göstərə bilir.

HX-2-nin Ukrayna Silahlı Qüvvələri tərəfindən artıq istifadə olunması da sınaqlara əlavə diqqət çəkib. “Helsing” şirkəti 2025-ci ildə Ukraynaya minlərlə HX-2 təhvil verməyi planlaşdırdığını açıqlamışdı.

Şirkət vurğulayır ki, Rusiya-Ukrayna müharibəsi zamanı əldə edilən əməliyyat təcrübəsi sistemin inkişaf etdirilməsi və təkmilləşdirilməsində əsas rol oynayıb. HX-2 ilk dəfə 2024-cü ildə ictimaiyyətə təqdim edilib.

Hazırda Ukrayna və ABŞ ilə yanaşı Fransa, Almaniya, Böyük Britaniya və digər Avropa ölkələrinin silahlı qüvvələri də yeni nəsil HX-2 zərbə PUA-sını sınaqdan keçirirlər.

Mütəxəssislər hesab edirlər ki, sınaqların uğurla başa çatması bu ölkələrin gələcəkdə sistemi silahlanmaya qəbul etməsinə şərait yarada bilər. “Helsing” şirkəti HX-2-ni döyüş gəmilərindən və müxtəlif insansız dəniz platformalarından istifadə üçün də uyğunlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Almaniya   HX-2  


Bizi "telegram"da izləyin