Yaponiya PUA sahəsində Türkiyə ilə əməkdaşlığı genişləndirmək istəyir

2026/06/1781691887.jpg
Oxunub: 195     14:22     17 İyun 2026    
Yaponiyanın müdafiə naziri Koizumi Şinciro Türkiyənin müdafiə sənayesinin, xüsusilə pilotsuz uçuş aparatları sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Ordu.az xəbər verir ki, Koizumi bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə keçirdiyi görüşdən sonra “X” sosial şəbəkəsində paylaşım edib.

Yaponiya müdafiə naziri qeyd edib ki, Türkiyə milli müdafiə sənayesinin inkişafına xüsusi önəm verir və pilotsuz uçuş aparatlarının hazırlanması istiqamətində mühüm nailiyyətlər əldə edib.

Koizumi bildirib ki, görüş zamanı tərəflər müdafiə sənayesi sahəsində fikir mübadiləsi aparıblar və Yaponiya-Türkiyə əlaqələrinin daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün müdafiə sənayesi sahəsində təmaslar keçirmək məqsədilə Yaponiyaya səfər edib. Səfər çərçivəsində o, Tokio və Kobe şəhərlərində yüksək səviyyəli görüşlər keçirib, müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən qurumlarla müzakirələr aparıb və sənaye müəssisələrini ziyarət edib.

Görgün həmçinin Yaponiyanın müdafiə naziri, Quru Özünümüdafiə Qüvvələrinin və Dəniz Özünümüdafiə Qüvvələrinin komandanları ilə görüşüb. O, eyni zamanda Yaponiya Müdafiə Təchizatı və Texnologiyaları Agentliyinin rəhbərliyi ilə danışıqlar aparıb.

Məlumata görə, dəyişən geosiyasi vəziyyət, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Şimali Koreyanın ballistik raket və nüvə proqramları, eləcə də Çinin hərbi potensialını sürətlə artırması Yaponiyanı 2022-ci ildə Milli Təhlükəsizlik Strategiyasını yenidən nəzərdən keçirməyə vadar edib.

Yaponiyanın 2026-cı maliyyə ilində müdafiə xərclərinin ümumi daxili məhsulun 1,9 faizinə çatacağı gözlənilir. Tokio rəhbərliyi 2027-ci maliyyə ilində bu göstəricini 2 faizə yüksəltməyi planlaşdırır.

Yaponiya Hind-Sakit okean regionunda artan təhdidlər fonunda ənənəvi məhdudiyyətlərini yumşaldaraq daha fəal müdafiə siyasətinə keçməyi, müttəfiqləri ilə daha sıx inteqrasiya olunmuş müdafiə mexanizmləri qurmağı və silah-təchizat mənbələrini şaxələndirməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   PUA   Türkiyə  


Bizi "telegram"da izləyin