Rusiyanın “Starlink” peyklərini radioelektron mübarizə ilə sıradan çıxardığı iddia edilir

2026/06/Ekran-1781695237.jpg
Oxunub: 188     15:18     17 İyun 2026    
Rusiyanın “Volna Kupol Garant” adlı yeni radioelektron mübarizə sisteminin “Starlink” peyklərinə qarşı istifadə edildiyi iddia olunub.

Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiyanın İnsansız Aviasiya üzrə eksperti və İnteqrasiya Edilmiş İnsansız Həllər Mərkəzinin baş konstruktoru Dmitri Kuzyakin bildirib ki, “Volna Kupol Garant” sistemi “Starlink” peyklərini “korlaşdıraraq” yerüstü istifadəçilərdən gələn siqnalların qəbulunu və emalını çətinləşdirir.

Kuzyakinin sözlərinə görə, sistemin əsas məqsədi yalnız Pilotsuz Uçuş Aparatı (PUA) ilə peyk arasındakı rabitəni kəsmək deyil, birbaşa peykin öz funksiyalarını zəiflətməkdir.

“Əgər “Starlink” peyk sistemi Rusiyaya qarşı hücumlar üçün istifadə olunursa və ölkəmizin vətəndaşları öldürülürsə, həmin halda “Volna Kupol Garant” işə düşür. Sistem radio siqnalları vasitəsilə peyki sözün əsl mənasında korlaşdırır və yerüstü abonentlərin peykdən siqnal almasını mümkünsüz edir”, - deyə Kuzyakin bildirib.

Rusiyalı ekspert qeyd edib ki, “Starlink” peykləri Yer səthindən təxminən 500 kilometr yüksəklikdə yerləşir və “Volna Kupol Garant” istiqamətləndirilmiş fazalı anten sistemi ilə təchiz edilmiş mürəkkəb kompleksdir.

Onun sözlərinə görə, “Starlink” əvvəlcə tamamilə mülki məqsədlər üçün yaradılsa da, Ukrayna tərəfindən qısa müddətdə hərbi məqsədlər üçün istifadə olunmağa başlanıb və PUA-ların fasiləsiz rabitəsinin təmin edilməsində mühüm rol oynayıb.

Kuzyakin hesab edir ki, “Starlink” artıq Ukraynadakı müharibədə faktiki olaraq Rusiyaya qarşı tərəflərdən birinə çevrilib.

O bildirib ki, PUA-ların yüksək manevr qabiliyyəti və antenalarının xüsusiyyətləri səbəbindən peyk rabitəsinin sıradan çıxarılması son dərəcə çətin olsa da, Rusiya mütəxəssisləri belə mürəkkəb vəzifələrin öhdəsindən gəlmək imkanına malikdirlər.

Məlumatda həmçinin qeyd olunur ki, radioelektron mübarizə ilə yanaşı, “Starlink” sistemlərinə qarşı fiziki hücumlar da davam edir. Şimal Qoşunlar Qrupunun 11-ci Korpusunun hərbçilərinin may ayının əvvəlindən etibarən Xarkov vilayətində Ukraynaya məxsus 90-dan çox “Starlink” stansiyasını məhv etdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Starlink  


Bizi "telegram"da izləyin