Bir qopuşun anatomiyası: Hindistan, Pakistan və “Taliban” arasında dəyişən güc arxitekturası

2026/06/1781678348.jpg
Oxunub: 372     10:51     17 İyun 2026    
Hindistan ilə “Taliban” arasında gözlənilməz yaxınlaşma Pakistanın son otuz ildə formalaşdırdığı “strateji dərinlik” doktrinasını sürətlə aşındıraraq regiondakı güc arxitekturasını kökündən dəyişdirir. TTP hücumları və sərhəd toqquşmaları səbəbindən zəifləyən Pakistan artıq Əfqanıstanda nəzarəti itirən və eyni vaxtda iki istiqamətdən təzyiq altında qalan aktora çevrilib. “Taliban”ın çoxşaxəli xarici siyasət açılımı isə Hindistan, Pakistan, Çin və region ölkələri arasında daha mürəkkəb və çox təbəqəli balansın formalaşmasını zəruri edir.

Pakistanın 1990-cı illərdə Əfqanıstanı Hindistana qarşı “arxa cəbhə” kimi nəzərdə tutan strateji dərinlik konsepsiyası çərçivəsində dəstəklədiyi “Taliban”ın bu gün Hindistanla bu qədər açıq təmaslar qurması və Pakistandan sürətlə uzaqlaşması regionu yaxından izləyən analitiklərin belə gözlədiyindən daha erkən bir qırılma yaratdı. Həmin dövrdə “Taliban” Pakistanın Əfqanıstandakı təsir imkanlarını genişləndirən vasitə kimi qiymətləndirilirdi. Hindistan isə “Taliban” mərkəzli bu balansın kənarında qalırdı. Bu gün isə mənzərə əhəmiyyətli dərəcədə dəyişib. Hindistan Kabildə yenidən səfirlik açan, “Taliban” tərəfindən zaman-zaman müsbət şəkildə xatırlanan və Əfqanıstandakı proseslərə səssiz şəkildə təsir göstərməyə çalışan aktora çevrilib. Əfqanıstanın xarici işlər naziri də ötən ay Yeni Dehliyə səfər edib. Pakistan isə həm sərhəd xəttində baş verən toqquşmalar, həm də dövlətə qarşı silahlı mübarizə aparan “Tehrik-i Taliban Pakistan” (TTP) kimi təşkilatların artan hücumları səbəbindən zəifləyən, Əfqanıstan məsələsində həm sahədəki nəzarəti, həm də “Taliban”la münasibətlərini idarə etməkdə çətinlik çəkən aktora çevrilib. “Taliban”ın Hindistandakı hücumlarla bağlı yaydığı başsağlığı mesajları kimi simvolik addımlar iki tərəf arasındakı münasibətlərin istiqamətinin dəyişdiyini göstərən diqqətçəkən siqnallar kimi qiymətləndirilir.

Hindistanın Əfqanıstan strategiyasının təkamülü: “Taliban”sız investisiyadan “Taliban”la praqmatik nişanalmaya

Hindistanın Əfqanıstana baxışı son otuz ildə yalnız Pakistanın təsirini məhdudlaşdırmağa yönəlmiş dar təhlükəsizlik yanaşması ilə izah oluna bilməz. Yeni Dehli Soyuq müharibənin başa çatmasından sonra Əfqanıstanı həm Mərkəzi Asiyaya açılan marşrut, həm də Pakistanı kənardan keçən ticarət və enerji əlaqələri üçün strateji məkan kimi qiymətləndirib. Sovet İttifaqının dağılmasından sonra Şimal Alyansı ilə qurduğu əlaqələr Hindistana “Taliban” əleyhdarı qüvvələrlə məhdud, lakin sabit diplomatik dayaq qazandırdı. “Taliban”la məsafəli münasibət isə onları Pakistanın təsir aləti kimi görməsindən və Əfqanıstandakı radikal qrupların Kəşmirlə əlaqələrinə dair təhlükəsizlik narahatlıqlarından qaynaqlanırdı. Buna görə də Yeni Dehli 1990-cı illərdə “Taliban”ı regional balansı poza biləcək amil kimi qiymətləndirərək məsafəsini qoruyurdu.

2001-2021-ci illər dövrü Hindistanın Əfqanıstanda dövlət quruculuğuna investisiya yatırdığı mərhələ oldu. Yeni Dehli 3 milyard ABŞ dollarını aşan inkişaf layihələri çərçivəsində yollar, bəndlər, xəstəxanalar və Əfqanıstan parlamentinin binası kimi simvolik obyektlər inşa etdi, Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim və məhdud həcmdə avadanlıq dəstəyi göstərdi. Səhiyyə xidmətləri, təqaüd proqramları və uzunmüddətli inkişaf yardımları Əfqanıstan cəmiyyətində Hindistana münasibətdə müsbət rəyin davamlı şəkildə güclənməsinə səbəb oldu. Hazırda Hindistan yeni yardım paketləri açıqlayıb və “Taliban” bunları qəbul edib.

Bu müsbət münasibət “Taliban”ın yenidən hakimiyyətə qayıtdığı dövrdə də böyük ölçüdə qorunub saxlanıldı. Hindistan bu iyirmi il ərzində “Taliban”la birbaşa təmasa keçməsə də, Əfqanıstan xalqı arasında formalaşmış bu müsbət münasibətin hakimiyyətdə kimin olmasından asılı olmayaraq ona müəyyən təsir imkanı verəcəyini görərək ölkədəki iştirakını davam etdirdi.

2010-cu illər Hindistanın Əfqanıstan siyasətində daha praqmatik xəttə keçdiyi dövr oldu. 2010-2015-ci illər arasında Hindistanın təhlükəsizlik dairələrində “Taliban”ın tamamilə aradan qaldırıla bilməyəcəyi və Əfqanıstan siyasətində daimi aktor olaraq qalacağı fikri gücləndi. 2016-2019-cu illərdə ABŞ-nin Əfqanıstandan çıxacağına dair siqnallar bu qənaəti daha da möhkəmləndirdi. Narendra Modi hökumətinin 2014-cü ildən sonra qəbul etdiyi daha fəal regional siyasət Hindistanın “Taliban”la dolayı təmaslar qurmasına imkan yaratdı.

Hindistan Doha prosesinin rəsmi tərəfi deyildi. Lakin Doha danışıqları “Taliban”la birbaşa masa arxasına əyləşmədən də əlaqələrin qurula biləcəyi mühit formalaşdırdı. Əsas təmaslar isə İran və Rusiya üzərindən fəaliyyət göstərən kanallar, eləcə də Pakistana məsafəli yanaşan “Taliban” nümayəndələrinin yaratdığı imkanlar vasitəsilə həyata keçirildi. RAW (Hindistanın xarici kəşfiyyat xidməti) 2016-cı ildən etibarən “Taliban”ın bəzi nümayəndələri ilə aşağı intensivlikli qapalı görüşlər keçirdi və bu təmasları rəsmi diplomatik münasibətlərə çevirmədən ehtiyatla davam etdirdi.

Bu səbəbdən Hindistan-“Taliban” yaxınlaşması ani istiqamət dəyişikliyi deyil, illər ərzində formalaşan, ehtiyatla idarə olunan və regional balansdakı qırılmaların təsiri ilə sürət qazanan uyğunlaşma prosesi kimi qiymətləndirilməlidir.

Pakistan-“Taliban” qopuşunun arxa planı: TTP, Dürand xətti və suverenlik böhranı

Pakistan ilə “Taliban” arasındakı qopuş təkcə son iki ilin təhlükəsizlik böhranları ilə izah edilə bilməz. Bu proses 2007-ci ildə TTP-nin meydana çıxması ilə başlayan və 2010-cu illərdə daha da dərinləşən bir sıra struktur qırılmaların nəticəsidir. Bu zəmini formalaşdıran ilk amil TTP-nin həyata keçirdiyi hücumlardır. TTP ideoloji baxımdan Əfqanıstan “Taliban”ı ilə oxşar xəttə malik olsa da, Pakistan dövlətini hədəf alan təşkilat kimi ön plana çıxırdı. Bu təhlükəni milli təhlükəsizliyinə qarşı yönəlmiş hücum kimi qiymətləndirən Pakistan Əfqanıstan “Taliban”ından TTP-nin sığınacaqlarını bağlamasını, üzvlərini təhvil verməsini və ya ən azı ölkədən çıxarmasını gözləyirdi. “Taliban” isə bu tələblərə strateji tərəddüdlə yanaşdı. Bunun arxasında puştun bazasının reaksiyası, təşkilat daxilindəki balansın pozulması riski və radikal qrupların nəzarətdən çıxması ehtimalı ilə yanaşı, Pakistandan asılı görünmək istəməyən siyasi yanaşma və TTP-ni İslamabada qarşı təzyiq vasitəsi kimi görməsi də dayanırdı.

İkinci amil Dürand xətti ətrafında yığılan gərginlik idi. Pakistan Dürand xəttinin beynəlxalq səviyyədə tanınmış sərhəd olduğunu müdafiə edir. “Taliban” isə bu xətti Əfqanıstan torpaqlarını bölən müstəmləkə irsi kimi qiymətləndirərək onu rəsmi şəkildə tanımaqdan yayınır. Son illərdə sərhəddə tikanlı məftil çəkilməsi cəhdləri, nəzarət məntəqələri ilə bağlı böhranlar, artilleriya atəşləri və insan itkiləri göstərir ki, bu məsələ artıq yalnız texniki sərhəd mübahisəsi deyil, kimlik və suverenlik anlayışları ilə sıx bağlı problemə çevrilib.

Üçüncü amil isə birbaşa suverenlik böhranıdır. “Taliban” Pakistanın TTP hədəflərini vurmaq məqsədilə Əfqanıstan ərazisinə təşkil etdiyi hava zərbələrini açıq şəkildə suverenliyin pozulması kimi qiymətləndirib. “Taliban” getdikcə Pakistanı “təzyiq göstərən” və Əfqanıstanın daxili işlərinə müdaxilə edən qonşu kimi təqdim etməyə başlayıb. Bəzi dairələrdə Pakistanın keçmişdə ABŞ ilə həyata keçirdiyi təhlükəsizlik əməkdaşlığı da bu tənqidlərin bir hissəsinə çevrilib. Pakistan tərəfində isə illər boyu “Taliban”a verilən dəstəyin bu gün TTP təhlükəsi və sərhəd toqquşmaları şəklində geri qayıtdığı fikri güclənib. Bu yanaşmalar “Əfqanıstan məsələsində nəzarəti itirdik” düşüncəsinin həm ictimaiyyətdə, həm də təhlükəsizlik dairələrində daha tez-tez səsləndirilməsinə səbəb olur.

Bu üç amil bir araya gəldikdə Pakistan-“Taliban” münasibətlərinin taktiki sövdələşmə mərhələsini keçərək daimi strateji etimadsızlıq səviyyəsinə çatdığı görünür. Buna görə də mövcud şəraitdə 1990-cı illərdəki vasitəçi münasibətlər modelinə bənzər sistemə qayıdış ehtimalı real görünmür.

III. 2021-ci ildən sonra Hindistan-“Taliban” yaxınlaşması: Məcburi praqmatizm

2021-ci ildə “Taliban” hakimiyyətinin yenidən qurulması Əfqanıstandakı güc balansında yalnız ideoloji deyil, həm də regional miqyasda geosiyasi dəyişiklik yaratdı. Pakistan uzun illər “Taliban”ı öz strateji hesablamalarının təbii davamı kimi görürdü. Lakin “Taliban”ın sahədəki prioritetləri ilə Pakistanın gözləntiləri arasındakı fərq getdikcə böyüdü. Bu fərqin artması “Taliban”ı həm iqtisadi dəstək, həm də diplomatik legitimlik axtarışında daha geniş coğrafiyaya yönəlməyə məcbur etdi. Hindistanla təmasların sürətlənməsi də məhz bu zərurətin nəticəsidir.

“Taliban” baxımından bu yaxınlaşma üç əsas motivasiyaya söykənir. Birinci motivasiya Pakistan asılılığının hərbi və siyasi xərcinin artmasıdır. Pakistanın TTP ilə bağlı yaşadığı təhlükəsizlik böhranı “Taliban” üzərindəki təzyiqi artıraraq “tək dayaqlı münasibət” modelini davam etdirilməz vəziyyətə gətirdi. İkinci motivasiya “Taliban”ın Çindən tam asılı xarici siyasət yürütmək istəməməsidir. “Taliban” Çinin investisiyalarına ehtiyac duysa da, xarici siyasətini yalnız Pekinə söykəndirən xəttin həm iqtisadi, həm də siyasi risklər daşıdığını görür. Üçüncü motivasiya isə legitimlik axtarışıdır. “Taliban” beynəlxalq ictimaiyyətlə əlaqələrini şaxələndirmək və sanksiya təzyiqlərini azaltmaq üçün Hindistan kimi regional çəkisi olan aktorlarla açıq təmaslar qurmağın əhəmiyyətini artıq anlayır.

Hindistan baxımından da bu təmasların rasional əsası var. Yeni Dehli Əfqanıstan ərazisindən Hindistana və ya Kəşmirə yönəlmiş hücum riskini minimum səviyyəyə endirmək istəyir. Hindistan eyni zamanda Çabahar xətti vasitəsilə Mərkəzi Asiyaya uzanan nəqliyyat dəhlizlərini qorumağa və Əfqanıstanı tamamilə Pakistan-Çin oxuna buraxmamağa çalışır. Buna görə də Dehli Kabildəki diplomatik missiyasını yenidən açıb və “Taliban”ın verdiyi simvolik mesajları diqqətlə qiymətləndirməyə başlayıb.

Tərəflər bir-birinə ehtiyatla yanaşsalar da, bugünkü yaxınlaşma müttəfiqlik görüntüsü yaratmır. Bu münasibətlər üst-üstə düşən maraqların formalaşdırdığı dar, lakin funksional ortaq zəmin üzərində qurulub. Buna baxmayaraq, hətta bu məhdud zəmin belə Pakistanın ənənəvi regional strategiyasının köklü şəkildə sual altına alınmasına səbəb olacaq qədər böyük dəyişikliyi təmsil edir.

2025-ci il astanasında yeni güc balansı: Pakistanın strateji boşluğu və regional nəticələr

Bu gün gəlinən nöqtədə Pakistan təxminən otuz il ərzində Əfqanıstan üzərindən formalaşdırmağa çalışdığı strateji dərinlik siyasətinin gözlənilən nəticəni vermədiyi və böyük ölçüdə davam etdirilməsi mümkün olmayan vəziyyətə gəldiyi mənzərə ilə üz-üzədir. Əfqanıstan Pakistan üçün təhlükəsiz “arxa cəbhə” funksiyasını yerinə yetirmək əvəzinə sərhəd toqquşmaları, TTP sığınacaqları və “Taliban”ın proqnozlaşdırılması çətin addımları səbəbindən qeyri-sabitlik yaradan xarici təhlükəyə çevrilib. Ölkə şərqdə Hindistanın regional miqyasda artan diplomatik və iqtisadi çəkisi, qərbdə isə “Taliban”ın idarə etdiyi Əfqanıstan və TTP-dən qaynaqlanan təhlükəsizlik təzyiqi ilə üzləşərək sıxışdırılmış geosiyasi mövqeyə sürüklənib. İqtisadi həssaslığın dərinləşməsi və həm Çinə, həm də Körfəz ölkələrinə artan maliyyə asılılığı Pakistanın xarici siyasətini risk almaqdan daha çox zərərin məhdudlaşdırılmasına yönəlmiş müdafiə xarakterli xəttə istiqamətləndirib.

Hindistan baxımından yaranan mənzərə diqqətlə idarə olunmalı olan imkan pəncərəsi yaradır. Yeni Dehli Əfqanıstan məsələsindən yalnız Pakistanın regional təsirini məhdudlaşdırmaq üçün deyil, həm də Çinin mədən investisiyalarını, təhlükəsizlik əməkdaşlığı təşəbbüslərini və Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) Əfqanıstana doğru genişlənən təsirini balanslaşdırmaq məqsədilə istifadə edir. Hindistanın bu çərçivədə üç əsas marağı mövcuddur: Kəşmirə uzanan silahlı qruplaşmaların marşrutlarını nəzarətdə saxlamaq, Mərkəzi Asiyaya çıxış təmin edən xətlərin sabitliyini qorumaq və Pakistanın uzun illər davam etdirdiyi strateji dərinlik konsepsiyasını təsirsiz hala gətirmək. Buna görə də Hindistan “Taliban”la qurduğu təmaslarda rəsmi təhlükəsizlik zəmanətlərindən daha çox sahədəki faktiki davranışları izləməyə əsaslanan risk idarəetmə yanaşmasını mənimsəyib. Bu yanaşmanın iki əsas şərti var: “Taliban”ın Hindistan əleyhinə fəaliyyət göstərən təşkilatlara imkan yaratmaması və Pakistanın Əfqanıstan üzərindəki təsirinin zəifləməyə davam etməsi. Kəşmirə qarşı böyükmiqyaslı hücum ehtimalı isə, icraçısı “Taliban” olmasa belə, Hindistanın bu ehtiyatlı nişanalma siyasətini dayandıracaq “qırmızı xətt” kimi qiymətləndirilir.

“Taliban” 2021-ci ildən sonrakı dövrdə xarici siyasətini tək bir xəttə söykənməyən çoxşaxəli nişanalma siyasəti (multi-vector engagement) əsasında həyata keçirməyə çalışır. Pakistanla yaşanan davamlı etimad itkisinin fonunda tam qopuşa getməyən “Taliban” Hindistan, Çin, Rusiya və Körfəz ölkələri ilə müxtəlif səviyyələrdə əlaqələr quraraq özünə daha geniş manevr imkanları açmağa çalışır. Bu siyasətin arxa planında “Taliban”ın daxili fraksiyaları mühüm rol oynayır. Qəndəhar mərkəzli struktur, Doha qrupu və Haqqani şəbəkəsi xarici siyasət məsələlərində hər zaman eyni prioritetlərə malik deyil və bu fikir ayrılığı qərar qəbuletmə proseslərini çətinləşdirir. Çinlə qurulan əlaqələrdə iqtisadi gözləntilərlə yanaşı təhlükəsizlik məsələləri də ön plana çıxır. Pekinin “Taliban” tərəfindən Şərqi Türküstan İslam Hərəkatı (ETIM) ilə bağlı gözlədiyi təminatlar tərəflər arasındakı münasibətlərin əsas gündəm mövzularından biridir. Körfəz ölkələri ilə münasibətlərdə isə nəzərəçarpan fərqlər mövcuddur. Qətər “Taliban”ın əsas diplomatik kanalı rolunu oynayır, BƏƏ bəzi fraksiyalarla daha yaxın əlaqələr qurur, Səudiyyə Ərəbistanı isə daha məsafəli siyasət yürüdür. Bu çoxşaxəli xarici siyasət axtarışı “Taliban” üçün həm daxili siyasi balansların, həm də silahlı qruplaşmalarla münasibətlərin idarə olunması baxımından ciddi sınaq hesab olunur.

Mövcud vəziyyətdə Əfqanıstan mərkəzli güc balansı artıq yalnız Pakistan-“Taliban” xətti ilə izah edilə bilməyəcək qədər geniş geosiyasi sahəyə yayılıb. Hindistanın prosesə daxil olması Pakistanın manevr imkanlarını məhdudlaşdırarkən, Çinin mədən investisiyaları, təhlükəsizlik təmasları və “Bir Kəmər, Bir Yol” təşəbbüsü vasitəsilə Əfqanıstanda möhkəmlənmək cəhdləri vəziyyəti daha da mürəkkəbləşdirir. Bu mənzərə “Taliban”ı həm xarici əlaqələrdə, həm də daxili strukturunda daha incə balans yaratmağa məcbur edir. Haqqani şəbəkəsi Hindistanla təmaslara daha müsbət yanaşdığı halda, Qəndəhar mərkəzli struktur bu məsələyə daha ehtiyatlı yanaşır. Pakistan ordusunun “Taliban” üzərində artan təzyiqi isə “Taliban”ın Hindistanla qurduğu məhdud əlaqələrin sürətlənməsinə təsir göstərən digər amillərdən biridir. Buna görə də bugünkü güc balansı sadə üçtərəfli rəqabət deyil, Hindistan, Pakistan, “Taliban” və Çin arasında getdikcə mürəkkəbləşən çox təbəqəli balans axtarışını əks etdirir.

Türkiyə baxımından qısa qiymətləndirmə və nəticə

Türkiyə Pakistan-Əfqanıstan xəttində 2025-ci il ərzində artan sərhəd gərginliklərindən sonra Qətərlə birlikdə üzərinə götürdüyü vasitəçilik rolu sayəsində danışıqlarda qısa müddət ərzində də olsa görünən aktora çevrildi. Lakin noyabr ayının əvvəlində prosesin dalana dirənməsi nəticəsində bu təsir məhdud qaldı. Bu rol Türkiyənin bir tərəfdən Pakistanla malik olduğu yaxın siyasi və hərbi münasibətlərə, digər tərəfdən isə “Taliban” rəhbərliyi ilə rəsmi tanınma yoluna getmədən qoruyub saxlaya bildiyi açıq təmas kanallarına əsaslanırdı. Ankara bu iki xətti eyni vaxtda qoruya bildiyi üçün Dohadakı atəşkəs danışıqlarında və İstanbulda keçirilən davam görüşlərində qismən asanlaşdırıcı mövqe əldə etsə də, yaranmış çıxılmaz vəziyyət bu səylərin əhatə dairəsini daraldaraq prosesi faktiki olaraq dayandırdı.

Bununla belə, Türkiyənin mövqeyi regionu bütövlükdə əhatə edən “təhlükəsizlik arxitekturası” formalaşdırmaqdan daha çox Pakistan-Əfqanıstan arasındakı böhranın idarə olunmasına yönəlmiş məhdud rol xarakteri daşıyır. Ankara tərəflər arasında dialoq kanallarını açıq saxlamaqla prosesin davam etməsinə çalışsa da, danışıqların nəticə vermək imkanlarının məhdud olduğu və tərəflərin zaman-zaman bir-birini ittiham etdiyi şəraitdə fəaliyyət göstərir. Buna görə də Türkiyənin əldə etdiyi mövqe qısamüddətli həll yolu yaratmaqdan daha çox münaqişənin nəzarətdə saxlanmasına və yenidən kəskinləşməsinin qarşısının alınmasına xidmət edən vasitəçilik çərçivəsi kimi qiymətləndirilməlidir.

Türkiyənin bu məsələdəki mövqeyi artıq yalnız Pakistan-“Taliban” xəttini izləyərək siyasət formalaşdırmasına imkan vermir. Hindistanın yenidən prosesə daxil olması və “Taliban”la ehtiyatlı nişanalma siyasəti qurması Əfqanıstan məsələsini üçtərəfli balansdan çıxararaq Çinin artan iştirakı ilə birlikdə dörd aktorun rəqabət meydanına çevirib. Buna görə də Türkiyə Əfqanıstandan qaynaqlanan prosesləri qiymətləndirərkən Hindistanın təhlükəsizlik narahatlıqlarını, Çinin mədən və dəhliz layihələrini, eləcə də Pakistanın bu iki aktora qarşı getdikcə artan həssaslığını birlikdə nəzərdən keçirməlidir. Pakistanın üzləşdiyi strateji boşluğun və TTP-dən qaynaqlanan daxili təzyiqin gələcəkdə Ankara-İslamabad münasibətlərini daha mürəkkəb müstəviyə daşımaq ehtimalı da nəzərdən qaçırılmamalıdır. Bu mənzərə Türkiyəni həm Pakistanla malik olduğu yaxın münasibətləri, həm də Hindistan və Çin kimi regional çəkisi böyük aktorlarla inkişaf etdirməyə çalışdığı əlaqələri eyni vaxtda idarə etməyə məcbur edir.

Hindistan ilə “Taliban” arasındakı yaxınlaşma “Taliban”ı əvvəlki dövrün “vasitəçi aləti” qəliblərinə salan izahları aşan, çox təbəqəli və qarşılıqlı maraqlara əsaslanan prosesi ifadə edir. Regiondakı nüvə balansı, silahlı şəbəkələrin hərəkətliliyi, həm Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC), həm də Çabahar xətti ətrafında formalaşan enerji və ticarət dəhlizləri birlikdə nəzərdən keçirildikdə görünür ki, Əfqanıstan ətrafındakı balanslarda aparılan nisbətən kiçik dəyişikliklər belə daha geniş geosiyasi çərçivəyə təsir göstərir. Türkiyənin bu mənzərədə hansı mövqeni tutacağı isə Pakistan, Hindistan, “Taliban” və Çin arasındakı güc münasibətlərini nə dərəcədə düzgün qiymətləndirə bilməsindən və bu aktorların hamısı ilə eyni vaxtda təmas qura bilən azsaylı regional güclərdən biri olmaq imkanını nə qədər qoruya bilməsindən asılı olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan   Taliban  


Bizi "telegram"da izləyin