“Joğovurd”: Ermənistan MTX-nin binasına partlayıcı maddə atanın işi üzrə müxalifət tərəfdarı dindirilib

2026/06/1781669849.jpg
Oxunub: 244     08:10     17 İyun 2026    
“Joğovurd” qəzetinə məlum olub ki, Milli Təhlükəsizlik Xidmətinin binası istiqamətində yandırıcı şüşələr atan 31 yaşlı Raffi Mandalyana qarşı açılmış cinayət işi çərçivəsində İstintaq Komitəsi “Güclü Ermənistan” blokunun tərəfdarı Alik Aleksanyanı şahid qismində dindirib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, Mandalyanın hakim “Vətəndaş Müqaviləsi” ilə əlaqələri müxalif qüvvələrlə əlaqələrindən daha sıx olsa da, istintaq orqanı onun hərəkətlərini müxalif siyasi fəaliyyətlə məşğul olan şəxslərlə əlaqələndirməyə çalışıb.

Qeyd olunur ki, bunun üçün bütün səylər göstərilsə də, belə bir əlaqə müəyyən edilməyib.

“Bundan əlavə, “Joğovurd” qəzetinin mənbələri bildiriblər ki, Alik Aleksanyanın məhkəməyə çağırılması və dindirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim olunub. Hakimin hansı qərarı verəcəyi hələ məlum deyil. Xatırladaq ki, Aleksanyan hazırda pulların yuyulması ilə bağlı başqa bir cinayət işi çərçivəsində həbsdə saxlanılır.

Martın 6-da İrəvanın Erebuni rayonunun sakini, 1994-cü il təvəllüdlü Raffi Mandalyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin inzibati binası istiqamətində yandırıcı şüşələr atıb. Hadisədən sonra ona terrorizm maddəsi ilə ittiham irəli sürülüb.

Mandalyan hüquq-mühafizə orqanlarına verdiyi ifadəsində bildirib ki, bu addımı dərin qəzəb və məyusluq səbəbindən atıb. Onun sözlərinə görə, ölkənin təhlükəsizlik vəziyyəti onu ciddi narahat edir, cəmiyyətdə bu məsələyə qarşı müşahidə olunan laqeydlik və susqunluq isə narahatlığını daha da artırıb”, - deyə nəşr yazıb.

Mandalyan qeyd edib ki, bu hərəkəti ilə “hamının laqeyd olmadığını” göstərməyə çalışıb.

“Onun məqsədi, öz ifadəsi ilə desək, ictimai susqunluğu qırmaq və vətəndaşların müəyyən hissəsinin ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıq keçirdiyinə diqqət çəkmək olub.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin inzibati binasına əvvəlcədən planlaşdırılmış şəkildə və iş vaxtı olmayan saatlarda gedib. Məqsəd insanların zərər görməsinin qarşısını almaqla yanaşı, mesajının ictimaiyyətə çatmasını təmin etmək olub.

Mandalyan öz izahatında bildirib ki, dediklərinin cəmiyyətə çatması üçün “özünü qurban verməyə hazır olaraq” bu addımı atıb. O, “hamının vətənin taleyinə qarşı laqeyd olmadığını” göstərmək istədiyini vurğulayıb”, - deyə müəllif yazıb.

Məqalədə diqqətə çatdırılır ki, şüşələri atdıqdan sonra Mandalyan hadisə yerindən qaçmağa cəhd göstərməyib. O, küçədə qalaraq hüquq-mühafizə orqanlarının gəlməsini gözləyib.

Məhkəmə iclasında da o, narahatlıqlarını dilə gətirərək iştirakçılara belə bir sual ünvanlayıb: “Ölkə təhlükə altındadır, məgər siz narahat olmursunuz?”.

Nəşr yazır ki, Mandalyanın atası da hüquq-mühafizə orqanlarına müraciət edərək oğluna qarşı həddindən artıq sərt yanaşma göstərilməməsini xahiş edib və terrorizm ittihamının onun üçün çox ağır nəticələr doğura biləcəyini vurğulayıb. Lakin məqalədə qeyd olunur ki, etirazlar və tək qalan atanın müraciətləri faktiki olaraq cavabsız qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin