“Joğovurd”: Ermənistanda müxalifətə qarşı yeni təzyiqlər dərinləşir

2026/06/1781671547.jpg
Oxunub: 200     08:40     17 İyun 2026    
“Müxalifətçi deputat seçilmək cinayət təqibi üçün əsas olur. Ermənistan Baş Prokurorluğu müxalifət namizədlərinə qarşı icraatların başlanması məqsədilə Mərkəzi Seçki Komissiyasından icazə istəyir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Ermənistan Baş Prokurorluğu “Hayastan” blokunun lideri, deputatlığa namizəd Robert Köçəryan, deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseğyan, eləcə də “Güclü Ermənistan” partiyasından deputatlığa namizəd David Qazinyana qarşı cinayət təqibi başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

“Joğovurd” qəzetinin məlumatına görə, Robert Köçəryanla bağlı söhbət yeni cinayət təqibindən gedir.

“Lakin prokurorluğun hansı əsaslarla Mərkəzi Seçki Komissiyasına müraciət etdiyi hələlik məlum deyil. Mərkəzi Seçki Komissiyası vəsatətin məzmununu açıqlamır, prokurorluq isə əlavə təfərrüatlar təqdim etməkdən imtina edir.

Yaranmış vəziyyət siyasi dairələrdə yeni müzakirələrə səbəb olub. Müxalif siyasətçilər və onların tərəfdarları siyasi mübarizənin tədricən hüquq-mühafizə sistemi müstəvisinə keçirilməsindən narahat olduqlarını bildirirlər”, - deyə müəllif yazıb.

Nəşr xatırladır ki, parlamentin növbədənkənar seçkiləri dövründə baş nazir Nikol Paşinyan dəfələrlə Robert Köçəryanın, Qaqik Tsarukyanın və Samvel Karapetyanın məsuliyyətə cəlb edilməli olduğunu bəyan edib.

“Baş nazir konkret cinayət işləri və ya hüquqi əsaslar barədə danışmasa da, bu məqam hazırkı vəziyyətdə həlledici hesab edilmir.

“Joğovurd” qəzetinin hakimiyyətə yaxın mənbələrinin məlumatına görə, hakimiyyət tərəfindən əsas siyasi əks-çəki kimi qəbul edilən nüfuzlu müxalif siyasətçilərə qarşı hüquq-mühafizə orqanları tərəfindən ardıcıl şəkildə yeni icraatlar başladılması mümkündür. Bunun hansı əsaslarla və ya hansı hüquqi əsaslandırma ilə həyata keçirilməsi hakimiyyət üçün xüsusi əhəmiyyət daşımır. Hakimiyyət öz siyasi gündəliyindən geri çəkilmək niyyətində deyil”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, müxalifət dairələrində bu proseslər siyasi təzyiqlərin yeni mərhələsi kimi qiymətləndirilir.

“Xüsusilə də müxalifətin parlament seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsində mübahisələndirməyə hazırlaşdığı bir vaxtda bu addımların təsadüfi olmadığı düşünülür. Onların qənaətincə, hüquq-mühafizə sistemi vasitəsilə müxalifətin əsas simalarına qarşı görülən tədbirlər seçkidən sonrakı siyasi proseslərin neytrallaşdırılmasına ciddi təsir göstərə bilər.

Mərkəzi Seçki Komissiyasının hansı qərarı qəbul edəcəyi və prokurorluğun vəsatətlərində hansı hüquqi əsasların göstərildiyi yaxın vaxtlarda məlum olacaq. Bununla belə, artıq indidən aydındır ki, seçkidən sonrakı siyasi mübarizə yeni və gərgin mərhələyə daxil olur. Nikol Paşinyanın keçmiş əməkdaşı olan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyanın Paşinyanın istəyinə uyğun qərar verəcəyi gözlənilir”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müxalifət   Təzyiq  


Bizi "telegram"da izləyin