Ordu.az xəbər verir ki, Yunanıstan parlamentinin Silahlanma Proqramları və Müqavilələri üzrə Xüsusi Daimi Komitəsi 2026-cı il iyunun 11-də ümumi dəyəri 1 milyard avronu aşan səkkiz ayrı müdafiə tədarük proqramını təsdiqləyib.
Bu çərçivədə Böyük Britaniyanın “SubSea Craft” şirkətindən 10 ədəd VICTA sualtı nəqliyyat platformasının və ABŞ-nin “Shield AI” şirkətindən 10 ədəd V-BAT şaquli qalxma və enmə qabiliyyətinə malik kəşfiyyat PUA sisteminin alınması rəsmiləşdirilib.
Məqsəd Yunanıstan Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar və birgə kəşfiyyat-müşahidə imkanlarını strateji səviyyədə gücləndirməkdir.
“Defencepoint.gr” portalının məlumatına görə, V-BAT tədarük proqramı çərçivəsində 6 sistem (12 hava aparatı və əlaqədar faydalı yüklər) Quru Qoşunlarına, 4 sistem (8 hava aparatı və əlaqədar faydalı yüklər) isə Hərbi Dəniz Qüvvələrinə veriləcək.
Paketə ikiillik logistik dəstək xidməti də daxildir. Dəyəri 71 milyon avro olan proqram NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə dörd il ərzində həyata keçiriləcək.
Qeyd olunur ki, Yunanıstan Silahlı Qüvvələrinin inventarında artıq gəmi sahibi Afanasios Laskaridisin 5,75 milyon avroluq ianəsi hesabına alınmış iki sistem (4 hava aparatı) mövcuddur və onlar 2025-ci il mayın 14-də rəsmi xidmətə qəbul edilib.
“Shield AI” şirkətinin Şərqi və Cənub-Şərqi Avropa üzrə regional direktoru Ceyms Litqou bildirib ki, V-BAT Yunanıstan Silahlı Qüvvələrinə unikal kəşfiyyat, müşahidə, hədəf aşkarlama və hədəfləmə imkanları qazandıracaq.
Onun sözlərinə görə, yeni platformalar ənənəvi uçuş-eniş zolaqlarından asılı sistemlərin yerləşdirilməsinin çətin olduğu bölgələrdə davamlı dəniz məlumatlılığını və təhlükəsizliyi artıracaq.
“V-BAT dağınıq adalar, uzaq sahil xətləri, dərin dərələr, dağ silsilələri və mürəkkəb dəniz mühitində fəaliyyət göstərən Yunan qüvvələri üçün son dərəcə uyğundur. GPS və rabitə imkanlarının məhdud olduğu şəraitdə özünü sübut etmiş bu sistem vasitəsilə Yunanıstan Silahlı Qüvvələri ilə əməkdaşlığımızı daha da dərinləşdirməkdən qürur duyuruq”, - deyə Litqou bildirib.
VICTA sualtı nəqliyyat platforması proqramının təfərrüatları
Bununla yanaşı, Yunanıstanın VICTA sualtı nəqliyyat platforması proqramı 145 milyon avroluq büdcə ilə Xüsusi Qüvvələrin əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.
“Defencepoint.gr” portalının məlumatına görə, alınacaq 10 platformanın 6-sı Baş Qərargahın Xüsusi Əməliyyatlar Komandanlığına, 4-ü isə Hərbi Dəniz Qüvvələrinin Sualtı Təxribat Komandanlığına veriləcək.
“Naval News” nəşrinin məlumatına əsasən, Portsmut şəhərində yerləşən istehsalçı şirkətlə əldə olunmuş razılaşma çərçivəsində həmin platformaların Yunanıstandakı “Skaramanqas” gəmiqayırma zavodunda istehsalı planlaşdırılır.
Proqramın dəyərinin 25 faizindən çox hissəsinin Yunanıstan sənayesinə geri qayıdacağı gözlənilir. Bundan əlavə, üçüncü bir NATO donanması üçün daha 10 VICTA platformasının da eyni gəmiqayırma zavodunda istehsal edilməsi gündəmdədir.
Bu addımın “Skaramanqas” gəmiqayırma zavodunu region üzrə istehsal və logistika mərkəzinə çevirməsi hədəflənir.
Sevinc Əliyeva
Ordu.az