Ordu.az xəbər verir ki, bu barədə G1 xəbər portalı məlumat yayıb.
“Braziliya Ali Məhkəməsi ölkənin sabiq prezidentinin oğlu Eduardu Bolsonaronu 2022-ci ildə dövlət çevrilişinə cəhd işi üzrə məhkəmə prosesinə mane olmağa çalışdığı üçün 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib”, - deyə məlumatda bildirilir.
İstintaqın versiyasına görə, bir ildən artıq müddət əvvəl ABŞ-yə köçən və həmin dövrdə konqresmen olan Eduardu Bolsonaro atasının məhkəmə prosesini dayandırmaq məqsədilə ABŞ Prezidenti Donald Tramp administrasiyasına təzyiq göstərərək Braziliya Ali Məhkəməsinin hakimlərinə və Braziliyanın hazırkı Prezidenti Luis İnasiu Lula da Silvanın hökumət üzvlərinə qarşı sanksiyaların tətbiqinə nail olmağa çalışıb.
ABŞ tərəfindən sonradan bəzi sanksiyalar, o cümlədən hakim Aleşandri di Moraisə qarşı məhdudiyyətlər tətbiq olunsa da, məhkəmə prosesi baş tutub və böyük Bolsonaro dövlət çevrilişi təşkil etmək ittihamı ilə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hazırda ABŞ-də yaşayan Eduardu Bolsonaro özünə vəkil təyin etməyib və məhkəmədə dövlət tərəfindən təyin olunmuş müdafiəçi ilə təmsil olunub. Müdafiə tərəfi onun günahsız olduğunu bildirərək sübutların kifayət etmədiyini əsas gətirib və ittihamın ləğvini tələb edib.
Sevinc Əliyeva
Ordu.az