Türkiyə Prezidenti bildirib ki, narahatlıq dövrü arxada qalıb, region rahat nəfəs ala bilər. O bununla ABŞ və İranın yaxın günlərdə müharibəyə son qoyulması haqqında saziş imzalayacağını nəzərdə tutub.
Rusiya Xarici İşlər Nazirliyinin Hakan Fidanın Moskva səfəri ilə bağlı yaydığı məlumatdan aydın olur ki, o, səfərin ilk günündə xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparacaq, daha sonra Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və müşaviri İqor Levitin ilə görüşəcək, həmçinin türk iş adamları ilə bir araya gələcək.
TASS agentliyi məlumat yayıb ki, Fidan “Ukrayna ilə Rusiya arasında yeni danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını bir daha təsdiqləyəcək və Qara dənizdə təhlükəsizliyin təmin olunması ilə bağlı təklifləri müzakirə edəcək”. TASS türk mənbələrinə istinadən bildirib ki, Fidanın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də müzakirələr aparması, eləcə də Rusiya Prezidenti Vladimir Putin ilə görüşməsi planlaşdırılır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova jurnalistlərə bildirib ki, tərəflərin beynəlxalq gündəliyin əsas məsələlərini, o cümlədən Yaxın Şərq, Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyəti, eləcə də digər aktual mövzuları müzakirə etməsi gözlənilir.
Türkiyənin xarici işlər nazirinin Moskva səfərinin geniş gündəliyi göstərir ki, Moskva-Ankara münasibətləri, belə demək mümkünsə, “yoxlama mərhələsi”nə daxil olub. Göründüyü qədərilə Rusiya Qara dəniz regionunda, Cənubi Qafqazda və Mərkəzi Asiyada Türkiyənin təsir dairəsinin genişlənməsindən narahatdır, lakin eyni zamanda fikir ayrılıqlarının açıq şəkildə ortaya çıxmasından qaçmağa çalışır.
Türkiyə NATO sammitinə ev sahibliyi edir. Ərdoğan bəyan edib ki, müəyyən fikir ayrılıqlarına baxmayaraq, Türkiyə Alyansın cənub-şərq cinahının qapısı olaraq qalır. Rusiya NATO-nu “düşmən struktur” hesab edir. Buna baxmayaraq, Moskva postsovet məkanındakı türkdilli dövlətlərlə Türkiyənin çoxtərəfli, o cümlədən hərbi sahədə əməkdaşlığına loyal münasibət nümayiş etdirib.
Fidanın Moskva səfərindən sonra tərəflərin “sinerji prinsipi”nə nə dərəcədə sadiq qaldığını təxmin etmək mümkün olacaq.
Asif Cəfərov
Ordu.az