Ordu.az xəbər verir ki, bu barədə CNN amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tehran razılaşma barədə açıqlamanın İran vaxtı ilə gecə yarısından əvvəl edilməsini istəməyib, çünki bu halda bəyanat Trampın ad gününə təsadüf edəcəkdi.
CNN qeyd edir ki, İran bu məqsədinə qismən nail olub. Razılaşma ilə bağlı məlumat İran vaxtı ilə gecə yarısından bir neçə dəqiqə sonra, yəni artıq bazar ertəsi yayımlanıb.
Lakin ABŞ vaxtı ilə məlumat bazar günü, Trampın ad günündə dərc olunub. Donald Tramp iyunun 14-də İranla razılaşmanın əldə olunduğunu təsdiqləmişdi.
ABŞ Prezidenti həmçinin Hörmüz boğazının açılması barədə də açıqlama vermişdi. Pakistanın Baş naziri Şahbaz Şərif isə həmin gün ABŞ ilə İran arasında razılaşmanın iyunun 19-da İsveçrədə imzalanacağını bildirmişdi.
Məlumata görə, gərgin danışıqlardan sonra tərəflər ümumi razılığa gəliblər və bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların tam dayandırılması nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az