Böyük Britaniya və Yaponiya GCAP qırıcı proqramının sürətləndirilməsi barədə razılığa gəlib

2026/06/1781499429.jpg
Oxunub: 257     09:12     15 İyun 2026    
Böyük Britaniya və Yaponiya müdafiə və qabaqcıl texnologiyalar sahəsində strateji əməkdaşlığın dərinləşdirilməsi, həmçinin birgə həyata keçirdikləri GCAP (Qlobal Döyüş Hava Proqramı) layihəsinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə tərəflərin London görüşündən sonra məlumat yayılıb.

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Yaponiyanın Baş naziri Sanae Takaçi Londonda keçirilən görüş zamanı müdafiə, texnologiya, yaşıl enerji və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşlərdə hər iki ölkənin aparıcı biznes nümayəndələri də iştirak ediblər.

Baş nazir Takaçi bildirib ki, təhlükəsizlik sahəsində əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin əsas sütunlarından biridir. “Əlaqələrimizin əsas dayaqlarından biri olan Qlobal Döyüş Hava Proqramını daha da sürətləndirmək barədə razılığa gəldik”, - deyə o vurğulayıb.

GCAP Böyük Britaniya, Yaponiya və İtaliya tərəfindən həyata keçirilən yeni nəsil qırıcı proqramıdır. Layihə çərçivəsində hazırlanacaq platformanın mövcud döyüş təyyarələrini əvəz edərək 2030-cu illərin ikinci yarısında silahlanmaya qəbul olunması planlaşdırılır.

Proqram “BAE Systems”, Leonardo və “Mitsubishi Heavy Industries” tərəfindən dəstəklənən “Japan Aircraft Industrial Enhancement” tərəfdaşlığı tərəfindən həyata keçirilir.

Böyük Britaniya hökuməti liderlərin GCAP proqramına sadiqliklərini bir daha təsdiqlədiklərini və layihənin növbəti inkişaf mərhələsinin başlanmasını müzakirə etdiklərini açıqlayıb.

Məlumata görə, proqramın yeni mərhələsinə dair beynəlxalq müqavilənin ayın sonuna qədər imzalanması planlaşdırılır.

Son dövrlərdə müdafiə xərclərinin artırılması ilə bağlı təzyiqlərlə üzləşən Starmer hökuməti GCAP proqramının ölkənin uzunmüddətli müdafiə və sənaye strategiyasında mühüm yer tutduğunu vurğulayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Yaponiya   GCAP  


Bizi "telegram"da izləyin