DW: ABŞ Ermənistan, Gürcüstan və Türkiyə vətəndaşlarını Mərkəzi Afrika Respublikasına deportasiya edib

2026/06/1781496950.jpg
Oxunub: 245     08:14     15 İyun 2026    
ABŞ bir qrup miqrantı dünyanın ən yoxsul və problemlərlə üzləşən ölkələrindən biri hesab olunan Mərkəzi Afrika Respublikasına deportasiya edib.

Ordu.az xəbər verir ki, bu barədə DW nəşri məlumat yayıb.

Bildirilir ki, söhbət Vaşinqtona vətənlərinə qaytarılması mümkün olmayan miqrantları üçüncü ölkələrə göndərməyə imkan verən mübahisəli razılaşmadan gedir.

Təyyarə cümə günü Banqiyə eniş edib. İran-Amerika Hüquqi Müdafiə Fondunun müvəqqəti icraçı direktoru Əli Rəhnəmanın sözlərinə görə, həmin reysdə İordaniya, Ermənistan, Türkiyə, Gürcüstan və Əfqanıstan vətəndaşları da olub.

Human Rights First təşkilatının ICE uçuşlarının monitorinq sistemində yer alan məlumatlara əsasən, deportasiya təyyarəsi Qananın paytaxtı Akkrada dayanacaq etdikdən sonra yerli vaxtla saat 22:00 radələrində Banqiyə çatıb.

Deportasiya olunan şəxslərin harada yerləşdiriləcəyi və ölkədə nə qədər qalacaqları barədə hələlik məlumat yoxdur.

ABŞ səfirliyinə yaxın mənbə Associated Press agentliyinə bildirib ki, miqrantların bir hissəsi müvəqqəti olaraq Banqidə tikilməkdə olan səfirlik kompleksinin yaxınlığında yerləşən yanğınsöndürənlər bazasında yerləşdirilib. Digərlərinin isə başqa məkanlara köçürülməsi nəzərdə tutulub.

Mənbə əlavə edib ki, ölkəyə çatdıqdan sonra kişilər və qadınlar ayrı-ayrı yerlərdə yerləşdiriliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Gürcüstan   Türkiyə  


Bizi "telegram"da izləyin