Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Rama bazar günü etdiyi çıxışda etirazçılardan bəzilərini “heyvan” adlandırıb. Qeyd olunur ki, bu söz alban dilində təhqiramiz məna daşıyır və təxminən “axmaq” və ya “cahil” anlamına gəlir.
Baş nazir həftəlik podkastında məşhur sənətçilərin etirazlarla bağlı açıq mövqe bildirmədiklərinə görə boykot edilməsinə çağırışları qəbuledilməz hesab etdiyini bildirib. O, həmçinin sosial şəbəkələrdə təqib hallarını və ictimai mövqe tutmayan şəxslərə qarşı səslənən təhdidləri pisləyib.
Bəyanat artıq 14 gündür davam edən siyasi etirazlar fonunda verilib. Ötən həftəsonu Tirananın küçələrinə on minlərlə nümayişçi çıxaraq Baş nazirin istefasını tələb edib.
Müxtəlif qiymətləndirmələrə görə, şənbə günü keçirilən aksiyada 100 mindən 200 minədək insan iştirak edib. Etirazlar dinc şəraitdə keçib. Nümayişçilər arasında uşaqlı ailələr və yaşlı insanlar da olub. Təşkilatçılar uşaqlar üçün xüsusi yaradıcılıq meydançaları da yaradıblar.
Son iki həftə ərzində əvvəlcə Cared Kuşnerlə əlaqələndirilən elit kurort layihəsinin ləğvi tələbi ilə başlayan hərəkat Albaniyada 1991-ci ildə kommunist rejiminin süqutundan sonra ən böyük hökumət əleyhinə kampaniyalardan birinə çevrilib.
Rama etirazçılar arasında yayılan “Albaniya albanlarındır” şüarını da tənqid edib. Onun sözlərinə görə, bu cür ritorika ölkədə yaşayan digər insanların arzuolunmaz olduqları mesajını verə bilər.
“Bu, Almaniyada uzun illər ciddi tənqidlərə və təcridə səbəb olan “Almaniya almanlar üçündür” tipli çağırışları xatırladır”, - deyə Baş nazir bildirib.
Bazar günü “flaminqolar inqilabı” adlandırılan etiraz hərəkatına dəstək aksiyaları həm Tiranada, həm də ölkə hüdudlarından kənarda davam edib. Nyu-York, Berlin, Vyana və London da daxil olmaqla dünyanın müxtəlif şəhərlərində mitinqlər planlaşdırılıb.
Sevinc Əliyeva
Ordu.az