Britaniya Baş nazirinin kabinetində müdafiə qarşıdurması: Yeni nazir büdcədən milyardlarla vəsait tələb edə bilər

2026/06/1781497233.jpg
Oxunub: 253     08:16     15 İyun 2026    
Böyük Britaniyanın yeni müdafiə naziri Den Carvis silahlı qüvvələrin maliyyələşdirilməsi ilə bağlı mübahisəli proqramı yenidən nəzərdən keçirmək niyyətindədir və Xəzinədarlıqdan əlavə milyardlarla funt sterlinq tələb edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Hökumətdəki bir neçə mənbənin sözlərinə görə, Carvis müdafiə sahəsində investisiya proqramı çərçivəsində “prioritetləri yenidən qiymətləndirməyi” planlaşdırır. Maliyyələşdirmə ətrafındakı fikir ayrılıqları səbəbindən keçmiş müdafiə naziri Con Hilinin istefasından sonra proqramın təqdimatı iyul ayına qədər təxirə salınıb.

Nazirin müttəfiqləri bildirirlər ki, o, Baş nazir Kir Starmerlə danışıqlarda sərt mövqe tutacaq. Mənbələrdən biri qeyd edib ki, “onu nə işdən çıxara, nə də istefa verməsinə imkan yarada bilərlər”.

Eyni zamanda hökumət daxilindəki fikir ayrılıqları fonunda Starmer Fransada keçiriləcək G7 sammitində iştirak edəcək. Sammitdə müdafiə məsələləri, eləcə də Rusiya və İrandan qaynaqlanan təhdidlər əsas mövzular olacaq.

Keçmiş müdafiə naziri Con Hili istefa verərkən bildirib ki, silahlı qüvvələri lazımi resurslarla təmin etməyən maliyyələşdirmə variantını qəbul etməyə hazır deyil. O, həmçinin Xəzinədarlığı artan təhdidlər fonunda ölkənin müdafiəsinə kifayət qədər vəsait ayırmamaqda ittiham edib.

Böyük Britaniyanın mədəniyyət naziri Liza Nandi bildirib ki, müdafiə proqramı ətrafında müzakirələr davam edir və onun rəhbərlik etdiyi qurum da daxil olmaqla digər nazirliklər əlavə maliyyələşdirmə imkanları ilə bağlı Xəzinədarlıqla danışıqlar aparır.

Lakin hökumətdəki mənbələr yeni vəsait ayrılmasından daha çox mövcud proqram daxilində düzəlişlərin edilməsinin ehtimal olunduğunu bildirirlər. Bu isə Carvisin Hilinin dəstəkləmədiyi bəzi layihələri ixtisar etməklə büdcəni yenidən bölüşdürməyə çalışa biləcəyi anlamına gəlir.

Bununla belə, Hiliyə yaxın şəxslər hesab edirlər ki, bu dəyişikliklər əsas problemi həll etmir. Onların fikrincə, 2030-cu ilə qədər müdafiə xərclərinin ÜDM-in 3 faizinə çatdırılması ilə bağlı aydın strategiya mövcud deyil.

Hökumətdə həmçinin qeyd olunur ki, nazirlər artıq razılaşdırılmış büdcə çərçivələrini yenidən nəzərdən keçirməyə hazır deyillər və bəzi investisiya layihələrini “qırmızı xətlər” adlandırırlar.

Bundan əvvəl müdafiə büdcəsinin müzakirəsi zamanı kansler Reyçel Rivz və Baş nazir Kir Starmerin Con Hilidən xərclərin balansını, xüsusilə də avtonom sistemlər və pilotsuz texnologiyalar istiqamətində yenidən nəzərdən keçirməsini istədiyi bildirilmişdi.

Mənbələrin sözlərinə görə, hökumətdə müdafiə büdcəsindəki maliyyə boşluğu ilə bağlı narazılıq mövcud idi. Bu problem hələ Hilinin təyin olunmasından əvvəl yaranmış və büdcə yenidən nəzərdən keçirilərkən tam aradan qaldırılmamışdı.

Hilinin istefası da məhz maliyyə çatışmazlığı ilə bağlı fikir ayrılıqları fonunda baş verib. Müzakirələr zamanı təxminən 18 milyard funt sterlinqlik kəsirdən danışılırdı, halbuki onun qarşılanması üçün cəmi 13,5 milyard funt sterlinq ayrılması təklif olunmuşdu.

Böyük Britaniyanın Baş naziri daha əvvəl müdafiə xərclərinin 2030-cu ilə qədər sürətlə artırılaraq ÜDM-in 2,68 faizinə çatdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin uzunmüddətli perspektivdə bu göstəricinin 3-3,5 faiz səviyyəsinə yüksəldilməsinin hədəfləndiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Müdafiə-naziri  


Bizi "telegram"da izləyin