Yaponiya Böyük Britaniyaya 23 milyard dollarlıq sərmayə yatıracaq

2026/06/1781496809.jpg
Oxunub: 222     08:06     15 İyun 2026    
Böyük Britaniya və Yaponiya iki ölkə arasında əməkdaşlığı yeni mərhələyə daşımalı olan çoxmilyardlıq investisiya paketi barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Dauninq-stritin məlumatına görə, Yaponiya şirkətləri Böyük Britaniyanın infrastruktur və maliyyə xidmətləri sektorlarına 11,5 milyard dollardan çox (təxminən 9 milyard funt sterlinq), həmçinin dəniz külək enerjisi layihələrinə 11,5 milyard dollara qədər vəsait yönəldəcək.

Potensial investisiyaların ümumi həcmi 23 milyard dolları ötür. Qiymətləndirmələrə görə, bu vəsait on minlərlə yeni iş yerinin açılmasına imkan verəcək.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda Yaponiyanın Baş naziri Sanae Takaçi ilə görüş keçirib, həmçinin Yaponiya biznesinin nümayəndələri ilə danışıqlar aparıb. Starmer müzakirələri “çox səmərəli” adlandırıb.

Tərcüməçi vasitəsilə çıxış edən Takaçi Böyük Britaniyanın “son dərəcə vacib tərəfdaş” olduğunu bildirib və iqtisadi, eləcə də texnoloji əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Razılaşma yüksək texnologiyalar sahəsində əməkdaşlığı da əhatə edir. Böyük Britaniya və Yaponiya İtaliya ilə birlikdə yeni nəsil qırıcının yaradılmasını nəzərdə tutan GCAP proqramına sadiqliklərini bir daha təsdiqləyiblər.

Bundan əlavə, “Rolls-Royce” Yaponiyanın Atom Enerjisi Agentliyi ilə nüvə sahəsində yeni nəsil texnologiyaların hazırlanması istiqamətində əməkdaşlıq edəcək. Ayrı bir razılaşma Böyük Britaniyanın elmi tədqiqat və proqram təminatı hazırlama imkanlarını Yaponiyanın istehsal sektoru ilə birləşdirəcək.

Layihədə iştirak edən Yaponiya şirkətləri arasında “Mitsubishi Estate”, “Mitsui Fudosan” və “Nomura Real Estate” də var. Onlar qarşıdakı beş il ərzində infrastruktur və inkişaf layihələrinə sərmayə yatırmağı planlaşdırırlar.

Bununla yanaşı, açıqlanan vəsaitlərin hansı hissəsinin yeni investisiyalar, hansının isə əvvəllər elan edilmiş layihələr olduğu hələ dəqiq məlum deyil.

Razılaşmaya baxmayaraq, Böyük Britaniya iqtisadiyyatının vəziyyəti ilə bağlı narahatlıqlar qalmaqdadır. İlin birinci rübündə ÜDM-in 0,6 faiz artmasına baxmayaraq, analitiklər iqtisadi artım tempinin zəifləyəcəyini gözləyirlər.

Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edib ki, ABŞ, İsrail və İran arasında davam edən qarşıdurma inkişaf etmiş ölkələr arasında ən ciddi zərbəni məhz Böyük Britaniyaya vura bilər. İngiltərə Bankı isə ən pis ssenaridə qlobal enerji qiymətlərinin yüksəlməsi səbəbindən inflyasiyanın 6 faizə çata biləcəyini istisna etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Britaniya  


Bizi "telegram"da izləyin