İran və ABŞ memorandumun imzalanmasından sonra 60 gün danışıqlar aparacaq

2026/05/1779948718.jpg
Oxunub: 206     08:37     15 İyun 2026    
Tehran və Vaşinqton qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra qalan mübahisəli məsələlər üzrə 60 gün ərzində danışıqlar aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.

Onun sözlərinə görə, rəsmi imzalanma mərasimi cümə günü keçiriləcək və bundan sonra hər iki nümayəndə heyətinin rəhbərləri növbəti danışıqların formatını və istiqamətlərini müəyyənləşdirmək üçün görüşəcəklər.

“Cümə günü rəsmi imzalanma baş tutacaq və iki nümayəndə heyətinin rəhbərləri gələcək danışıqların addımlarını müəyyən etmək üçün müzakirələr aparacaqlar. Həmin vaxta qədər ABŞ tərəfinin müharibənin dayandırılması, blokadanın aradan qaldırılması və aktivlərin azad edilməsi ilə bağlı öhdəliklərinə sadiqliyi yoxlanılacaq”, - deyə Qaribabadi bildirib.

İranlı diplomat vurğulayıb ki, bu danışıqlar yalnız ABŞ memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə başlayacaq.

O qeyd edib ki, memorandumun mətni imzalanma mərasimindən sonra ictimaiyyətə açıqlanacaq.

Bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndələrinin qarşılıqlı anlaşma memorandumunu iyunun 19-da İsveçrədə imzalayacağını açıqlamışdı.

Bildirilir ki, memorandumun əsas məqsədi hərbi əməliyyatların dayandırılmasıdır. İranın nüvə proqramının gələcəyi kimi ən mürəkkəb məsələlər isə sonrakı mərhələlərdə müzakirə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin