Zelenski: "Rusiyanın zərbəsi nəticəsində 11 nəfər ölüb, 53 nəfər yaralanıb" (YENİLƏNİB)

2026/04/1777557510.jpg
Oxunub: 270     14:41     15 İyun 2026    
Rusiyanın Ukraynaya endirdiyi kütləvi zərbə nəticəsində 11 nəfər ölüb, 53 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Kiyevdə Kiyev-Peçersk Lavrası və "Mistetski arsenal" mədəniyyət kompleksinin ərazisindəki yanğınlar artıq söndürülüb.

"İki Rusiya dronu qəsdən şəhərin Lavra və "Mistetski arsenal"ın yerləşdiyi hissəsini hədəfə alıb. Hazırda Kiyevdə 35 nəfərin yaralandığı bildirilir. Bütün ölkə üzrə 53 nəfər yaralanıb, bu kütləvi hücum nəticəsində 11 nəfərin öldüyü məlumdur", - Zelenski qeyd edib.

O qeyd edib ki, Ukrayna tərəfi bu zərbənin nəticələri ilə əlaqədar Qərb tərəfdaşları ilə daimi əlaqədədir və zəruri cavab tədbirlərini müzakirə edir.

"Dövlət liderlərinin, ictimai xadimlərin və beynəlxalq təşkilatların susmaması vacibdir. Mən Ukraynanın Xarici İşlər Nazirliyinə və bütün diplomatik komandamıza tərəfdaşlarla əlaqələri maksimum dərəcədə artırmağı tapşırdım ki, bu və gələn həftə baş tutacaq beynəlxalq tədbirlər müdafiəmizin gücləndirilməsi və bu müharibəyə görə Rusiyaya qarşı qlobal təzyiqin artırılması üçün real nəticələr versin", - o vurğulayıb.

***

Rusiya Ukraynaya gecə hücumu zamanı 611 pilotsuz uçuş aparatından (PUA) və 70-dən çox raketdən istifadə edib, raketlərin 60-dan çoxu Kiyevə atılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, zərbə nəticəsində Kiyevdə 4 nəfər ölüb, 28 nəfər yaralanıb.

"Rusiyanın Kiyev-Peçersk lavrasına zərbəsi nəticəsində XI əsrə aid Uspenski kafedralı alovlanıb. Fövqəladə Hallar üzrə Dövlət Xidməti artıq kafedralın damındakı yanğını söndürüb", - o qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, Xarkovda Rusiya qüvvələri əvvəlki hücumun fəsadlarını aradan qaldıran xilasedicilərə zərbə endiriblər. Nəticədə 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

Onun sözlərinə görə, hücumlara həmçinin Kiyev, Dnepropetrovsk, Donetsk, Zaporojye, Sumı və Nikolayev vilayətləri məruz qalıb. Dneprdə Rusiya dəmir yolu vağzalının, kollecin və bir neçə müəssisənin ərazisinə zərbələr endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin